İki il öncə də elə ilin bu vaxtı Bakıda V kitab sərgi-yarmarkasında rastlaşmışdıq. O zaman stend qarşısında dayanıb Rusiyanın Samara şəhərindən gəlmiş “Rus” nəşriyyatının daha çox qadın oxucu kütləsinə hesablanmış tətbiqi psixologiyaya dair kitablara, daha dəqiqi, tanınmış psixoloq Svetlana Lada-Rusun müəllifi olduğu kitablara nəzər salıb keçmişdim.
Amma bu dəfə… yəni əgər bir nəşriyyat eyni yarmarkada təkrar iştirak edirsə, özü də yalnız bir müəllifin əsərləri ilə qatılırsa, deməli, həmin müəllifin kitablarına tələbat var. Nəşriyyatı təmsil edən iki gözəl qadın – psixoloq İrina Vladimirovna Ruzavina və redaktor Yuliya Gennadiyevna Voronkova kitabları vərəqləyən qadınlara bu məsləhəti verirlər: “Sabah ustad dərsimiz olacaq. Gəlin, ödənişsizdir. Ömrün cavanlıq mərhələsini uzatmaq, uzun və rahat ömür sürmək barədə danışacağıq”.
Bu anda çox sevdiyim, amma müəllifini unutduğum kəlam yadıma düşür: “Hamı uzun ömür sürmək istəyir, amma kimsə qocalmaq istəmir”.
Ertəsi gün, deyilən vaxtda özümüzü sərgi-yarmarkaya yetiririk. Mövzu uzaqdan adama gəl-gəl deyir: “Mən günbəgün cavanlaşıram”. Niyə də yox?
Konfrans zalında tünlük olmasa da, maraqlanan az deyil. İstənilən yaş qrupuna aid iştirakçı var, əksəriyyəti də… xanımlar!
… “Gəncliyin qayıdışı” psixoloji seminarı üçün iştirakçı vərəqəsi paylanılır. Biz onu doldurunca İrina Vladimirovna mətləbə keçir, bizə sağlam, gənc, gözəl, xoşbəxt, uğurlu ömür sürməyin insanın öz əlində olduğundan danışır. Arada sual da verir ki, cavanlarla qocaların fərqi nədir? Hərə bir söz deyir. Nə qədər qəribə olsa da, hamımız düzgün istiqamətdə fikir yürüdürük. Bəs onda bütün bunları bilərək niyə çıxış yolu tapmırıq? Elə isə, niyə uğur qazana bilmirik? Elə tətbiqi psixologiya da məhz bildiklərimizi ardıcıllıqla cərgəyə düzüb düzgün yol göstərmək üçündür.
Özümüzü daha yaxşı tanımaq üçün bizə paylanılan psixoloji testlərin cavabları da adamın özünə gah şübhəli, gah da maraqlı görünür. Təşkilatçılar həmin test cavablarını toplamırlar, deyirlər ki, özünüzdə qalsın.
Bir növ ev tapşırığı kimi yəni… Yəqin ki, hər kəs özünü müəyyən qədər kəşf edə biləcək.
…Nəhayət, nə vaxt başlayıb, nə zaman bitdiyini hiss etmədiyimiz seminar yekunlaşır. Üstəlik, məlum olur ki, bayaqkı qeydiyyat vərəqələri həm də lotereya imiş. Yarmarkanın təşkilat komitəsində çalışan, eynilə böyük lotereya oyunlarındakı kimi yaraşıqlı gənc xanım, yəni neytral bir şəxs qutudakı dörd bükülmüş bir vərəqi götürür və… “Mədəniyyət” qəzetinin müxbiri qazanır.
Deyəsən, biz də tezliklə Svetlana Lada-Rusun başlayacağı “Mən günbəgün cavanlaşıram” onlayn seminarına qoşulacağıq. Əsas odur ki, adda-budda bildiklərimizi cəmləşdirməyə kömək edən vəsait əlimizdədir. Psixoloji durumu nizamlaya bilsək, fizioloji durum onunla ayaqlaşmağa başlayacaq. Müəllifə inansaq, bizim düşüncəmizlə orqanizmimiz arasındakı bağlar qarşılıqlıdır. Sadəcə, nəyin birinci, nəyin ikinci olduğunu müəyyən etmək lazımdır.
P.S. Bəlkə o zaman “Hamı uzun ömür sürmək istəyir, amma kimsə qocalmaq istəmir” kəlamının müəllifinin adı da yadıma düşər.
GÜLCAHAN