1994-cü ildən etibarən Rusiya və Azərbaycan arasında qarşılıqlı mübadilə proqramı çərçivəsində həm Moskvada, həm də Bakıda mədəniyyət günləri keçirilir, müxtəlif konsertlərdə, festival və sərgilərdə hər iki ölkənin musiqisi, teatrı, xoreoqrafiyası və təsviri sənət nümunələri nümayiş olunur.
Bu illər ərzində Bakıda Rusiyanın məşhur musiqiçi və kollektivləri – “Kreml baleti”, “Brass-kvinteti”, Yuri Temirkanov, Maksim Vengerov, Sergey Doqadin, Filipp Kopaçevski, Valeri Xlebnikov, Dmitri Xoxlov və başqaları çıxış ediblər.
Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə oktyabrın 11-də Heydər Əliyev Sarayında Nadejda Nadejdina adına “Beryozka” Akademik Rəqs Ansamblının, oktyabrın 13-də isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiyanın Xalq artisti, pianoçu Nikolay Luqanskinin iştirakı ilə konsertlər keçiriləcək.
Ötən il 70 illik yubileyini qeyd edən və bu illər ərzində bütün dünyanı gəzən “Beryozka” ansamblı klassik slavyan rəqs mədəniyyətinin etalonu hesab olunur. Tamaşaçılar “Beryozka” ansamblının ifasında Nadejda Nadejdina və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alacaqlar.
Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.
Görkəmli pianoçu, Moskva Dövlət Filarmoniyasının solisti, beynəlxalq müsabiqələr laureatı Nikolay Luqanski Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Xalq artisti Rauf Abdullayev) müşayiəti ilə Sergey Prokofyevin 2 saylı fortepiano konsertini ifa edəcək.
Tədbirlər Rusiya və Azərbaycan Mədəniyyət nazirliklərinin birgə dəstəyi və “Roskonsert”in (Musiqili və festival proqramlarının federal direktorluğu) təşkilatçılığı ilə gerçəkləşəcək.