Azərbaycan

 

5 oktyabr 1928 – Tanınmış ədəbiyyatşünas alim, yazıçı Məsud Əlioğlu (Vəliyev; 1928-1973) Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.

5 oktyabr 1935 – Görkəmli bəstəkar, Xalq artisti, professor Xəyyam Hadı oğlu Mirzəzadə (1935 – 30.7.2018) Bakıda anadan olub. “Ağlar və qaralar” baletinin, simfoniyaların, mahnıların müəllifidir. 30-dan çox filmə (“Bizim küçə”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s.), teatr tamaşalarına musiqi yazıb.

5 oktyabr 1955 – Əməkdar artist Simuzər Məmmədqulu qızı Namazova (1955-1996) Ağdam rayonunun Muğanlı kəndində doğulub. Ağdam və Gəncə teatrlarında çalışıb.

 

5 oktyabr 1982 – Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasib (12.4.1907 - 1982) vəfat edib. Ssenariləri əsasında “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” filmləri çəkilib.

 

6 oktyabr 1975 – Bakıda Səməd Vurğunun ev-muzeyi açılıb.

 

7 oktyabr 1981 – Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (29.6.1913 – 1981) vəfat edib. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, rus ədəbiyyatından tərcümələr edib.

 

8 oktyabr 2009 – Tanınmış yazıçı, şərqşünas Əlibala Qüdrət oğlu Hacızadə (28.8.1935 – 2009) vəfat edib. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Təyyarə kölgəsi” və s. romanların müəllifidir.

 

Dünya

 

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib.

5 oktyabr 1713 – Fransız mütəfəkkiri, maarifçi, dramaturq Deni Didro (Denis Diderot; 1713-1784) anadan olub. Məşhur fransız “Ensiklopediya”sının (“İzahlı elm, sənət və peşə lüğəti”) redaktoru və müəlliflərindən biri olub.

 

6 oktyabr 1914 – Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (Thor Heyerdahl; 1914 - 18.4.2002) anadan olub. Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib.

6 oktyabr 1923 – Türkiyə yazıçısı, şair Yaşar Kamal (Kamal Sadık Gökceli; 1923 – 28.2.2015) anadan olub. “İncə Memed”, “Tənəkə”, “Yağmurcuq quşu”, “İlanı öldürsələr”, “Qanın səsi” romanlarının müəllifidir. Kitabları bir çox dillərə tərcümə olunub.  

 

7 oktyabr 1849 – Amerika yazıçısı, şair və ədəbiyyatşünas Edqar Allan Po (Edgar Allan Poe; 19.1.1809 -1849) vəfat edib. Detektiv və macəra əsərlərinin müəllifidir.

7 oktyabr 1915 – Rus şairəsi Marqarita Aliger (1915-1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s.

 

8 oktyabr 1848 – Flamand əsilli fransız musiqiçisi, «İnternasional» himninin bəstəkarı Pyer Degeyter (Pierre Degeyter; 1848-1932) anadan olub.

8 oktyabr 1892 – Rus şairi, yazıçı Marina Svetayeva (1892 - 31.8.1941) anadan olub. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr) və s.

8 oktyabr 1931 – Rus yazıçısı, siyasi detektivlər müəllifi Yulian Semyonov (1931-1993) anadan olub. Əsərləri: «Baharın on yeddi anı», “SİTA bəyan edir...”, “Ekspansiya”.

Hazırladı:  Vüqar ORXAN