“Kainat” Gənclik Mərkəzinin təşəbbüsü ilə gerçəkləşən Beynəlxalq Uşaq Muğam Festivalı növbəti dəfə 9 ölkədən (Azərbaycan, Türkiyə, İran, İraq, Misir, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan) ifaçıları bir araya gətirib.
1996-cı ildə əsası qoyulan və respublikamızın mədəni həyatında özünə yer tutmuş layihə artıq 11-ci dəfədir beynəlxalq formatda gerçəkləşir.
Oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində 11-ci Beynəlxalq Uşaq Muğam Festivalı finalçılarının çıxışları və qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
Festivalın təşkilat komitəsindən bildirilib ki, xaricdən gələn gənc istedadlarla yanaşı, hər ölkəni beynəlmiləl tərkibli münsiflər heyətində də bir mütəxəssis təmsil edəcək. Münsiflər heyətinin sədri Xalq artisti, professor, görkəmli tarzən Ağasəlim Abdullayevdir.
Finalçılar münsiflər heyəti tərəfindən müəyyənləşəcək. Bütün ifaçılara Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi adından sertifikat və xatirə hədiyyələri təqdim olunacaq. Qaliblər isə xüsusi diplom və qiymətli hədiyyələrlə təltif olunacaq.
Bundan başqa, Mədəniyyət Nazirliyi tərəfindən 3 əcnəbi ifaçıya ayrı-ayrı nominasiyalara uyğun xüsusi diplom və hədiyyə təqdim ediləcək.