Rəssam Vüqar Əlinin “Rənglərin ritmi” sərgisindən düşüncələr

Muzey Mərkəzinin sərgi qalereyasında həmin gün (4 oktyabr) başqa bir ab-hava hökm sürürdü. Sərginin başlamasına yarım saatdan da çox vaxt qalmasına baxmayaraq, gəncdən ahıla, tələbədən müəllimədək çoxlu sayda sənətsevər zalı doldurmuşdu. Demək, müəllifin yaradıcılığı və rənglər dünyası hər yaşa aid insanlar üçün maraqlıdır...

Rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı sərgisinin açılış nitqini Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov edir. O, qonaqları nazir Əbülfəs Qarayevin adından salamladıqdan sonra rəssamın yaradıcılığı ilə bağlı fikirlərini bölüşür.

Bildirir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə reallaşan sərgidə yer alan əsərlərin əksəriyyəti son iki il ərzində ərsəyə gəlib və caz musiqisinə həsr olunub. Sərginin konsepsiyası özündə geniş caz obrazlarının qalereyasını əks etdirir və dünyaca məşhur musiqi janrına Azərbaycanın verdiyi töhfələri nümayiş etdirir.

Bildirilir ki, rəssamın ifaçı və bəstəkarların portretlərindən şlyager-mahnılara həsr olunmuş rəsmlərədək bədii dillə bizə çatdırdığı bütün yaradıcılıq nümunələrində musiqi mövzusu xüsusi yer tutur. Musiqiyə xas olan duyğuları sənətkar rəng və cizgilərin dili ilə mükəmməl ifadə edir.

Diqqətə çatdırıldı ki, Vüqar Əli Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində və M.Əliyev adına İncəsənət İnstitutunda (indiki ADMİU) təhsil alıb. Hazırda Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışaraq gənc nəslin yetişməsində yaxından iştirak edir. 1990-cı illərdən başlayaraq dizayn, səhnə tərtibatı, qrafika sahələrində fəaliyyət göstərir.

Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova çıxışı zamanı diqqətə çatdırdı ki, Vüqar Əli həm rəssam, həm də pedaqoq kimi özünü realizə edə bilən peşəkarlardandır. O, bilik və təcrübəsini sevərək bölüşür. Xalq rəssamları Arif Əziz, Ağaəli İbrahimov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabova rəssamın yaradıcılığının özünəməxsusluğundan söz açdılar.

Çıxışlardan sonra rəssam sərginin təşkilatçılarına və sənətini dəyərləndirib gələn hər bir qonağa təşəkkür etdi.

 

***

 

Tədbir zamanı rəssamla qısa söhbət etmək imkanımız oldu.

 

- İki il əvvəl Bakı Caz Festivalı ilə bağlı sərginiz keçirilmişdi. Bu sərgini həmin silsilədən hesab etmək olarmı?

- Mən çoxdan xəyallarımda qurduğum caz dünyasını kətan üzərinə köçürmək istəyirdim. Elə ilk fürsətdən bu istəyimi reallaşdırmağa qərar verdim və bu silsilədən 25 rəsm çəkdim. Ekspozisiya yaratmağa başlamazdan əvvəl janr, stilistika haqqında düşünür və gələcək əsərlərə kompozisiya həlli axtarırdım.  Rəsmlər, silsilə bir-birini tamamlamalı idi. Bəli, bu sərgini birinci sərginin davamı adlandıra bilərik.

 

- Bu dəfə caza həsr edilən neçə əsərlə tanış olacağıq?

- Bu sərgidə 33 yeni əsərim təqdim olunur. Bu əsərlərdə həm yerli, həm də dünya cazının korifey və gənc nəslinin nümayəndələrini görə biləcəksiniz.

 

- Sərgi “Rənglərin ritmi” adlanır. Ritm sizin üçün nəyi ifadə edir?

- Həyat özü ritmlərdən ibarətdir. Sakitliyin özündə belə bir ritm var.

 

- Bəs hansı ritmlər sizə daha yaxındır. Təkcə cazmı?

- Əlbəttə, caz ritmləri ruhuma daha yaxındır. Lakin əsərlərimdə hər rəngin öz ritmi var. Bu ritmlərdə xalq musiqimiz, klassika, muğamlarımız da var.

 

- Bu müxtəliflikdə rəssamın rənglər palitrasında qeyb olmaq qorxusu yoxdur ki?

- Düzü, ritmlər müxtəlif olur. Çılğın, dinamik, statik. Bu ritmləri duyduqca hiss edirsən ki, insan özü də kainatın bir zərrəsidir. Yəni insan da elə ritmdir.

 

- Sərgi iştirakçılarına nə vəd edirsiniz?

- Bu gün sadəcə rənglərdə tapdığım musiqini təqdim edirəm. Sərgidə 71 əsər nümayiş olunur. İnanıram ki, bəyəniləcək və bu ritmlər tamaşaçıya pozitiv əhval ötürəcək.

 

***

 

Vüqar Əlinin rənglərinin ritmində başqa bir dinamika var. Bu ritmlər gah keçmişi, gah da gələcəyi, gah qışı, gah da yazı xatırladır. Payızın əsrarəngiz ritmi isə valehedicidir. Əlvan rənglər, bu rəngləri səpələyən dəlisov xəzri...

Milli və xarici cazmenlər - Rafiq Babayev, Vaqif və Əzizə Mustafazadələr, Emma Fitscerald, Lui Armstrong, Pərviz Rüstəmbəyov, İsfar Sarabski, Rain Sultanov, Şahin Növrəsli, Ennio Morrikone, Henri Mancini və başqaları bu sırada yer alır. Bu əsərlərin bir hissəsi rəssamın 2016-cı ildə Bakı Caz Festivalı çərçivəsində keçirilən fərdi sərgisində təqdim olunmuşdu.

Azərbaycan folkloru, Abşeron mövzusu, fəsillər mövzusunda əsərlərlə yanaşı, diqqətimizi daha çox çəkən məqamlardan biri də nar mövzusu oldu. Rəssamın nar silsiləsi öz adını mif qəhrəmanı olan Nar pərisindən götürmüş Nargilədir. Sərgidə müəllifin nara həsr olunmuş bir çox əsərləri bu günə kimi bu mövzuya müraciət etmiş korifey sənətkarların işlərindən seçilir. Uşaq çağlarımızda eşitdiyimiz nağıl və mif qəhrəmanı Nargilə ilə ilk tanışlıq necə də xoş idi.

Sərgidə rəssamın yaradıcılığının ilk dövrlərinə aid digər silsilələrindən olan əsərləri də nümayiş olunurdu. Bunlar kristalloqrafiya bilikləri əsasında yaradılmış işlərdir. Müəllif bu əsərləri mineralogiya üzrə məşhur mütəxəssis, mərhum professor Xudu Məmmədovun rəhbərliyi altında bir neçə həvəskar rəssamla birgə yaradıb. “Rənglərin ritmi” sərgisi oktyabrın 9-da başa çatır.

LALƏ