Litvalı rejissor Aleksandras Brokasın Xocalı faciəsi haqqında çəkdiyi “Sonsuz dəhliz” (“Endless corridor”) filmi beynəlxalq kinofestivalların rəğbətini qazanmaqda davam edir. ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra ekran əsəri daha iki mükafata layiq görülüb.

Avropa Azərbaycan Cəmiyyətindən bildiriblər ki, Madrid və Tenerife beynəlxalq film festivalları “Sonsuz dəhliz” filmini “Ən yaxşı sənədli film” və Aleksandras Brokası “Ən yaxşı sənədli film rejissoru” nominasiyası üzrə qalib elan edib. Madrid beynəlxalq film festivalı 2-11 iyul, Tenerife festivalı isə 5-10 iyul tarixində keçirilib.
Aleksandras Brokas bu münasibətlə deyib: “Bu mükafatları almaq mənim üçün böyük şərəfdir. Mənimlə birgə çalışan yaradıcı komandaya və faciəvi hekayələrini mənimlə bölüşən Xocalı sakinlərinə təşəkkürümü bildirirəm.
“Sonsuz dəhliz” filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır”.
Rejissor vurğulayıb ki, Madrid və Tenerife festivallarında aldığımız mükafatları, həmçinin “Accolade Global Film Competition” müsabiqəsində qazandığımız “The Best of Show” mükafatını filmin qəhrəmanlarına və Xocalı faciəsində həlak olmuş insanların əziz xatirəsinə həsr edirik.
O, əlavə edib ki, “Accolade” nəşrinin mükafatı beynəlxalq kino sənayesində nüfuzlu mükafatlardan biridir: “Müsabiqənin münsifləri Hollivudun məşhur film yaradıcılarıdır. Onlar həmçinin “Emmi” və “Oskar” mükafatları üçün keçirilən səsvermədə də iştirak edirlər. Bu mükafata layiq görülmək “Sonsuz dəhliz” filminin 2015-ci ilin ən yaxşı sənədli filmi olması deməkdir. Film 60-dan artıq kinofestivala təqdim edilmişdir. Çoxları onu artıq rəsmi proqramlarına daxil ediblər. Növbəti festival Cənubi Afrika Respublikasında keçirilən Keyptaun kinofestivalıdır. Həmçinin, gələn ay Toronto IFF və AFI FEST (Amerika Film İnstitutu) da öz rəsmi seçimlərini elan edəcək”.
Xatırladaq ki, “Sonsuz dəhliz” filminin premyerası ötən il iyulun 1-də Londonda, Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak etmişdi.
“Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Ekran əsəri Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş insanlarla görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.
“Sonsuz dəhliz” filminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern və Lüksemburqda təqdimatı keçirilib. Ekran əsəri Türkiyənin “Kanal 24” kanalında və Albaniyanın Milli Televiziyasında nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar