Oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində XI Beynəlxalq Uşaq Muğam Festivalı finalçılarının çıxışları və qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Festival “Kainat” Gənclik Mərkəzinin təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşib.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək ölkəmizdə muğam ifaçılığına göstərilən qayğıdan danışdı. Vurğuladı ki, bu sahədə görülən işlər, xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri sayəsində muğam sənətimiz dünyada geniş şəkildə təbliğ olunur. Nazir müavini qeyd etdi ki, builki festival “Nəsimi ili” ilinə həsr olunub.

“Kainat” Gənclik Mərkəzinin direktoru, festivalın Təşkilat komitəsinin sədri Rahib Rəsulzadə layihə haqqında ətraflı məlumat verdi. Dedi ki, festivalın məqsədi muğam ənənələrini yaşatmaq, tarixi köklərə nəzər salmaqla şeriyyəti dərk etmək, milli dəyərlərimizi bu orijinal musiqi forması ilə dünyaya çatdırmaqdır.

Qeyd olundu ki, 1996-cı ildə əsası qoyulan festival 2009-cu ildə beynəlxalq status alıb. Builki müsabiqədə doqquz ölkə (Azərbaycan, Türkiyə, Misir, Qazaxıstan, Türkmənistan, İran, İraq, Özbəkistan, Qırğızıstan) təmsil olunur. Ölkəmizi festivalda müxtəlif regionlardan üç nəfər istedad təmsil edib.

Sonra səhnə Baba Salahov adına “Araz” xalq çalğı alətləri ansamblının müşayiəti ilə müsabiqə finalçılarının ixtiyarına verildi.

Çıxışlardan sonra Xalq artisti, tarzən, professor Ağasəlim Abdullayevin sədrliyi ilə beynəlxalq münsiflər heyətinin qərarı elan olundu.

On birinci festivalın baş mükafatına – Qran-priyə  iranlı ifaçı Khaef Olarsa layiq görüldü. Mahmud Ahmed Avad Abdelvahab (Misir), Öykü Gümüş (Türkiyə) və Elvin Abdullayev (Azərbaycan) birinci yerə, Ülkər Abdullayeva (Azərbaycan), Gülsənəm Jurayeva (Özbəkistan), Merjen Amandurduyeva (Türkmənistan), Səkinə Qasımova (Azərbaycan) ikinci yerə layiq görüldü. Amirreza Xudaverdipur (İran), Edən Jirqalbekov (Qırğızıstan), Ruslan Yakubov (Özbəkistan) və Şaqula Marxabatova (Qazaxıstan) üçüncü yerin sahibi oldular.

Bundan əlavə, fərqli ifa tərzinə görə Kərim Mohammed Ahmed Elbou (Misir), ən yaxşı etnik folklor nümunəsinin ifasına görə Aray Ongarqızı (Qazaxıstan), yüksək milli koloritin nümayişində seçildiyi üçün Şahzod Numonov (Özbəkistan) Mədəniyyət Nazirliyinin xüsusi mükafatı ilə təltif olundular.

Qaliblərə diplom və qiymətli hədiyyələr verildi. Ümumilikdə finalda iştirak edən bütün ifaçılar diplom və hədiyyələrlə mükafatlandırıldı.

Nurəddin MƏMMƏDLİ