Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə 8-13 oktyabr tarixində “II Azərbaycan Xalq Mahnıları Festivalı” keçirilir.

Layihənin iştirakçıları Azərbaycan Milli Konservatoriyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, AMEA-nın Folklor İnstitutu, Bakı Musiqi Akademiyası, Mədəniyyət və İncəsənət Universitetidir. Festivalın keçirilməsində məqsəd Azərbaycan Radiosunun “qızıl fond”unda olan, eyni zamanda regionlarda illərlə nəsildən-nəslə ötürülən xalq mahnılarının tamaşaçılara təqdim edilməsidir.

Oktyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində festivalın açılış mərasimi oldu.

Festivalın bədii rəhbəri, “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək ölkəmizdə təşkil olunan irimiqyaslı mədəniyyət tədbirlərindən danışdı. Vurğuladı ki, bu gün folklor musiqimizin təbliğatı diqqət mərkəzində saxlanılır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın qayğısı ilə mədəni sərvətlərimiz dünyanın bir çox ölkələrində təbliğ olunur.

Layihə barədə məlumat verən R.Qasımov qeyd etdi ki, ötən il keçirilən birinci festival bir çox gənc ifaçıları üzə çıxardı: “Budəfəki festivalda paytaxtımızdakı musiqi ocaqlarında xalq mahnıları müxtəlif kollektivlərin ifasında, instrumental interpretasiyalarda, vokal işləmələrdə təqdim olunacaq. Həmçinin Azərbaycan Dövlət Xor Kapellasının müxtəlif işləmələrlə xalq mahnılarından ibarət konserti olacaq. Gəncə Dövlət Filarmoniyasında da konsert nəzərdə tutulub”.

Sonra festivalın ilk konsert proqramı təqdim olundu. Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının (bədii rəhbər – Xalq artisti Adil Bağırov) müşayiəti ilə zamanın axınından süzülüb gələn, dildən-dilə, könüldən-könülə hoparaq bu gün də sevilən xalq mahnılarımız səsləndi. Xalq artistləri Teymur Mustafayev, Zabit Nəbizadə, əməkdar artistlər Təhmiraz Şirinov, Gülüstan Əliyeva, Bəsti Sevdiyeva, Sevinc Sarıyeva və başqalarının ifasında rəngarəng mahnı çələngi tamaşaçıların alqış sədaları ilə mükafatlandırıldı.

Festival çərçivəsində növbəti konsert oktyabrın 9-da Gəncə Dövlət Filarmoniyasında gerçəkləşib. MEMİM-in əməkdaşı Səadət Təhmirazqızı layihənin əhəmiyyətindən danışıb. Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının “Qədim ozan” qrupunun təqdim etdiyi konsert tamaşaçılara xoş təəssürat bəxş edib. Konsertdə Xalq artisti Şahnaz Haşımova da çıxış edib.

Oktyabrın 9-da axşam isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət Xor Kapellasının konserti keçirildi. Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə xorun ifasında xalq mahnılarının xor üçün işləmələri təqdim edildi. “Almanı atdım xarala” (xor üçün işləyəni Nazim Əliverdibəyov), “Gözəlim sənsən” (Fikrət Əmirov), “Təklik” (Fazil Əliyev), “Qubanın ağ alması” (Gülbacı İmanova) və s. xalq mahnılarımızın həm solo, həm də xorun ifasında gözəlliyi bir daha sübut olundu.

Oktyabrın 10-da festivalın daha bir konserti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) müəllim və tələbələrinin ifasında təqdim edildi. Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə “Apardı sellər Saranı”, “Yar bizə qonaq gələcək”, “Aşıqəm, kimə yalvarım”, “Gör nə məlahətlisən” kimi xalq mahnıları musiqisevərlərin könlünü oxşadı.

Festivalın konsertləri oktyabrın 11-də Azərbaycan Milli Konservatoriyası tələbələrinin təqdimatında, həmçinin filarmoniyada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və solist – Əməkdar artist Ramil Qasımovun iştirakı ilə davam edəcək.

Ayın 12-də üç konsert – Beynəlxalq Muğam Mərkəzində Milli Konservatoriya nəzdində Musiqi Kollecinin, Bakı Musiqi Akademiyasında tələbələrin ifasında, yenə BMM-də (instrumental ifada xalq mahnıları) keçiriləcək.

Oktyabrın 13-də festivalın bağlanış mərasimində Muğam televiziya müsabiqəsinin laureatları olan gənc xanəndələrin ifasında təqdim olunacaq konsert də tamaşaçılara unudulmaz anlar yaşadacaq.

Onu da bildirək ki, festivalın baş məsləhətçi Xalq artisti, bəstəkar, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, musiqi redaktoru Riad Quliyev, baş koordinatoru Bəhruz Niftəliyev, koordinatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızıdır.

Lalə AZƏRİ