Azərbaycan

12 oktyabr 1990 – Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov; 21.3.1924 – 1990) vəfat edib.

 

13 oktyabr 1918 – Əməkdar incəsənət xadimi, rəssam Lətif Əbdülbaği oğlu Feyzullayev (1918-1987) anadan olub. Abşeron təbiətinin koloriti, Xəzər neftçiləri ilə bağlı maraqlı əsərlərin müəllifidir.

13 oktyabr 1938 – Əməkdar artist Hamlet Ağadadaş oğlu Qurbanov (1938 – 15.11.1995) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə (“Dədə Qorqud”, “O dünyadan salam” və s.),  televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

13 oktyabr 1938 – Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifov (1938 – 26.9.2008) Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.

13 oktyabr 1940 – Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev; 1940 – 24.8.2017) Bakıda doğulub. “Bir saatlıq xəlifəlik”, “Baş tutmayan hiylə” operettalarının, uşaqlar üçün musiqili səhnə əsərlərinin (“Tülkü, tülkü, tünbəki...”), mahnıların müəllifidir.

13 oktyabr 1940 – Əməkdar incəsənət xadimi, kinoşünas İmran Musa oğlu Xəlilov (1940 – 18.7.2000) anadan olub.

13 oktyabr 1967 – Tanınmış aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897-1967) vəfat edib. Tiflis Azərbaycan Dram Teatrının baş rejissoru olub, Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Böyük dayaq” filmində (Yarməmməd) çəkilib.

13 oktyabr 1974 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlul oğlu Bəhlulzadə (15.12.1909 – 1974) vəfat edib. Məşhur əsərləri: “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”, “Babəkin üsyanı” və s.

 

14 oktyabr 1875 – Maarif xadimi, naşir Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə (1875-1941) Bakıda doğulub. 1906-1908-ci illərdə “Dəbistan” adlı ilk milli pedaqoji jurnalın naşiri və mühərriri olub.

14 oktyabr 1912 – Heykəltəraş, Əməkdar incəsənət xadimi Həyat Həmdulla qızı Abdullayeva (1912 – 21.4.2006) Dərbənd şəhərində anadan olub. Şuşada M.P.Vaqifin abidəsi, X.Natəvanın büstü və s. əsərlərin müəllifidir.

14 oktyabr 1933 – Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 1933 – 2.12.2004) Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində doğulub. Vətənpərvərlik, milli ruha sayğı əsərlərinin aparıcı mövzusudur. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

 

Dünya

 

12 oktyabr 1896 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (1896-1981) anadan olub.

12 oktyabr 1935 – İtalyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 1935-2007) anadan olub.

 

13 oktyabr 1921 – Fransız aktyoru və müğənnisi İv Montan (Yves Montand - İvo Livi; 1921-1991) anadan olub.

 

14 oktyabr 1864 – Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski; 1864-1925) anadan olub. “Kül”, “Həyatın bəzəyi”, “Dənizdən külək”, “Günahın tarixi” romanları, “Qızılgül” pyesi və s. əsərlərin müəllifidir.

Hazırladı:  Vüqar ORXAN