3-4 oktyabr tarixində Türkiyənin İzmir şəhərində gənc pianoçuların festivalı keçirilib. İlk dəfə gerçəkləşən beynəlxalq festivala Almaniya, Rusiya, İtaliya, Norveç və s. ölkələrdən iştirakçılar qatılıb.
Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin 7-ci sinif şagirdi Şirin Əmiraslanova II İzmir Beynəlxalq pianoçular müsabiqəsinin laureatı və birinci mükafatçısı kimi bu festivala dəvət olunmuşdu.
Festival çərçivəsində Ankara Dövlət Konservatoriyasının professoru Gülnara Əziz və Almaniyadan professor İrina Mintsin ustad dərsləri də təşkil edilib.
Festivalda gənc ifaçıların iştirakı ilə iki konsert proqramı təqdim olunub. Şirin Əmiraslanova F.Listin re-bemol-major etüdü “Un Sospiro” və Qlinka-Balakirevin “Torağay” əsərlərini ifa edib. 12 yaşlı pianoçunun ifası tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb və ifaçılıq məharəti “bravo” nidaları ilə alqışlanıb.