Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbinin fortepiano ixtisası üzrə məzunu Ayan Məmmədli Avstriyanın F.Şubert adına Vyana Konservatoriyasına daxil olub.
Müxtəlif ölkələrdən abituriyentlərin iştirak etdiyi qəbul imtahanlarında o yüksək qiymət alaraq 2019-cu il üçün fortepiano ixtisası üzrə tələbə adını qazanan beş xarici ölkə təmsilçisindən biri olub. Qalan dörd yeri Çin təmsilçiləri qazanıb.
Baş idarənin rəisi Cəlil Məlikov Ayan Məmmədli ilə görüşərək bu uğur münasibətilə onu təbrik edib və bu konservatoriyada oxuyacaq ilk azərbaycanlı tələbə olduğu üçün dövlət tərəfindən təhsilinə dəstək veriləcəyini bildirib.
T.Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbində, Əməkdar müəllim Nazilə Yaqubovanın sinfində təhsil almış A.Məmmədli 2015-ci ildə Avstriyanın Zalsburq şəhərində V.A.Motsart adına müsabiqədə Qran-priyə layiq görülüb.