Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Mina Hacıyevanın anadan olmasının 50, yaradıcılığının 30 illiyi münasibətilə tədbir keçirilib.

İttifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək mütəmadi olaraq bəstəkarların, musiqişünas alimlərin yaradıcılığına həsr olunan tədbirlərin keçirildiyini qeyd edib, musiqişünası yubileyi münasibətilə təbrik edib.

Bakı Musiqi Akademiyasının (BMA) kafedra müdiri, Əməkdar incəsənət xadimi Tariyel Məmmədov Mina Hacıyevanın elmi və pedaqoji fəaliyyəti barədə danışıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə və digər çıxış edənlər Mina Hacıyevanın musiqişünas kimi elmi fəaliyyətindən söhbət açıb və ona gələcək işlərində uğurlar arzulayıblar.

Tədbir bədii hissə ilə davam edib.