“Natiq” ritm qrupu və Emir Kusturitsanın qrupu
Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun konserti keçiriləcək.
Qrup “Qaytağı”, “Qaval rəqsi”, “Bir qəlbdə iki ruh” və tamaşaçı rəğbəti qazanmış digər kompozisiyaları ilə yanaşı, məhz bu konsert üçün hazırladığı yeni nömrələri də ifa edəcək.
“Natiq” ritm qrupu 2001-ci ildə yaradılıb. Natiq Şirinov qrupun rəhbəri olmaqla yanaşı, pedaqoq və ritm bəstəkarı kimi fəaliyyət göstərir.
Qrup bir çox ölkələrdə konsertlər verib, müxtəlif tədbirlərdə, festivallarda iştirak edib. 2012-ci ildə Bakıda “Eurovision”, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının açılış mərasimlərində çıxış edib.
***
Noyabrın 29-da isə Heydər Əliyev Mərkəzində məşhur kinorejissor, eyni zamanda musiqiçi Emir Kusturitsa özünün yaratdığı “The No Smoking Orchestra” qrupu ilə səhnəyə çıxacaq. Proqramda tamaşaçılara pozitiv emosiya dolu Balkan musiqiləri təqdim olunacaq.
Sarayevo şəhərində dünyaya gələn Emir Kusturitsa karyerası boyunca müxtəlif sahələrdə uğur qazanıb. Əvvəlcə o, kinorejissor və ssenarist kimi məşhurlaşıb, daha sonra özünü istedadlı musiqiçi kimi təsdiqləyib. O, geniş ictimaiyyətə müxtəlif mükafatlar almış “Arizona arzusu”, “Yeraltı”, “Qara pişik, ağ pişik” filmləri, o cümlədən Kann kinofestivalında iki “Qızıl palma budağı” qazanmış filmləri ilə tanışdır.
Emir Kusturitsa 1999-cu ildə “The No Smoking Orchestra” qrupunu yaradıb, özü qrupun tərkibində gitaraçı kimi çıxış edir. “The No Smoking Orchestra” qrupu rok-n-roll, Balkan pank-roku, qaraçı motivləri, türk marşları və Asiya melodiyalarını sintez edir.