Ekran əsəri Ağdama, Qarabağ ağrı-acılarına, yaşadığımız faciələrə həsr olunub

İyulun 15-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun ssenarisi əsasında hazırlanan “Ruhlar şəhərinin sakinləri” filminin təqdimatı olub.

Tədbirdə çıxış edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov filmin tarixi əhəmiyyətindən söz açıb.
Bildirilib ki, 1988-ci ildən başlayaraq ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub. Ermənistan Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparıb, 1 milyondan artıq soydaşımız öz yurd-yuvasından didərgin düşüb. BMT-nin məlum qətnamələrinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirir.
Vurğulanıb ki, film iyulun 23-də işğal tarixini yenidən qeyd edəcəyimiz, hazırda “ruhlar şəhəri” adlanan Ağdama, Qarabağ ağrı-acılarına, faciələrinə həsr olunub. Ekran əsərində torpağa, yurda bağlı insanlardan, onların nəyin bahasına olur-olsun öz evlərinə qayıtmaq istəyindən söhbət açılır.
Filmin ssenari müəllifi Bəxtiyar Sadıqov deyib ki, müstəqillik illərində Azərbaycan çox problemləri həll edib, heç bir dövlətə, heç bir xalqa nəsib olmayan bir inkişaf yolu keçib. Lakin həll edə bilmədiyimiz yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bunun da başlıca səbəblərindən biri ikili standartlardır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır.
Dostlarının, qələm adamlarının məsləhəti ilə “Ruhlar şəhərinin sakinləri” mövzusunda yazdığı yazı əsasında ssenari hazırladığını bildirən B.Sadıqov əlavə edib ki, bu iş heç də asan başa gəlməyib. Ekran əsəri üç dəfə yenidən işlənib.
O, filmdə əks olunan rəmzlərdən danışaraq deyib: “Xarabalığa çevrilmiş yurd yerlərini göstərməklə erməni xislətini əməlləri ilə ifşa etməyə, qaçqınların, məcburi köçkünlərin Vətən həsrətini bir daha önə çəkərək vətənpərvərlik duyğularını qabartmağa çalışdıq. Filmdə şərti olaraq dörd surət var. Bunlardan biri ruhlardır. Bu, olduqları yeri, işğal altındakı torpaqlarımızı tərk etməyən ruhlardır. Eyni zamanda burada məcburi köçkünlərin, Ağdamdan kənarda doğulub, lakin o torpağı görmək eşqi ilə yaşayan uşaqların da obrazı var”.
Vurğulanıb ki, bu ekran əsəri xalqımızın başına gətirilən müsibətlərə bir qələm adamının münasibətidir.
Qarabağ mövzusuna həsr edilən filmlərin çəkilməsini yüksək qiymətləndirən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirib ki, Azərbaycanın haqq işinin təbliğində belə ekran əsərlərinin böyük rolu var.
Sonra film nümayiş olunub.
20 dəqiqəlik bədii-sənədli filmin çəkilişləri Ağdamın işğaldan kənarda qalan kəndlərində aparılıb. Filmin rejissoru Kəmalə Mirzəyeva, operatoru Manaf Əzizli, montaj rejissoru Rasim Yaxşıxanov, redaktoru İxtiyar Hüseynli, layihə rəhbəri Bəxtiyar Qaracadır. Mətni Əməkdar artist Azad Şükürov səsləndirib.
Milli Məclisin deputatları Aqil Abbas, Elman Məmmədov və başqaları çıxış edərək filmlə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, belə ekran əsərləri xalqımızın başına gətirilən müsibətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından təqdirəlayiqdir. Bu ekran əsəri hər bir tamaşaçını işğal altında inləyən torpaqları unutmamağa səsləyir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar