Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə 8-13 oktyabr tarixində keçirilən II Azərbaycan Xalq Mahnıları Festivalı sona çatdı.  Oktyabrın 13-də Beynəlxalq Muğam Mərkəzində festivalın bağlanış mərasimi keçirildi.

Festivalın son günü gənc xanəndələrin ifasında xalq mahnılarımız təqdim olundu. Muğam televiziya müsabiqəsinin laureatları olan gənc xanəndələr Abgül Mirzəliyev, Elgiz Əliyev, Almaxanım Əhmədli, Günay İmamverdiyeva, Rəvanə Qurbanova, Sərxan Bünyadzadə, Elnur Zeynalov və digər ifaçılar Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının (bədii rəhbər – Xalq artisti Adil Bağırov) müşayiəti ilə çıxış etdilər.

Gecədə “Qaragilə”, “Sarı gəlin”, “Süsən sünbül”, “Bəri bax” kimi dillər əzbəri olan mahnılarımız səsləndi.

Qeyd edək ki, layihənin iştirakçıları Azərbaycan Milli Konservatoriyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, AMEA-nın Folklor İnstitutu, Bakı Musiqi Akademiyası, Mədəniyyət və İncəsənət Universitetidir.

Festivalın keçirilməsində məqsəd Azərbaycan Radiosunun “qızıl fond”unda olan, eyni zamanda regionlarda illərlə nəsildən-nəslə ötürülən xalq mahnılarının tamaşaçılara təqdim edilməsidir. Festivalın baş məsləhətçi Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, bədii rəhbəri Əməkdar artist Ramil Qasımov, musiqi redaktoru Riad Quliyev, koordinatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızıdır.

LALƏ