Müasir Azərbaycan poeziyasında məxsusi yeri olan, bu günlərdə 70 yaşını tamamlayan görkəmli şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərin “Bəy Atlı şeirlər” adlı kitabı çapdan çıxıb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilən kitaba şairin “Sən məni tanıyırdın, əbədiyyət”, “Gəlin yalanları gerçəklərdən də gözəl eləyək...”, “Gülümsəyən doğma üz”, “Qurbanlar cəlladları ağlayar”, “Sevgidən dəli olmağa bu dünyada eşq azmış”, “Ölümsüzlük gəlməz, gedilər” kimi 250-dən çox şeiri daxil edilib.

Kitab Xalq yazıçısı Afaq Məsudun “Göz yaşıyla axan şair” essesi ilə başlayır. 

Vaqif Bayatlı yaradıcılığına yaxından bələd olan yazıçı “sözün, şeriyyətin ən əlçatmaz qatlarında səyriyən” şairin söz sənətkarlığına nəzər salır: “Zahirən aydın, axıcı ədəbi dildə yazılsa da, dərki, anlamı fövqəlduyum və intellekt tələb edən bu şeiriyyətin müstəsna özəlliyi – alt qatı ruhun hallarıyla bağlı, yalnız onun özünün (ruhun) dərk edə biləcəyi sirli, ilahi hikmətlər gizləməsidir... İllər ötür, bütün vücudu, varlığı və ruhu ilə İlahiyə can atmaqdan yorulmayan Vaqifi yolundan heç nə döndərə bilmədi. Nə bu dünyanın mal-dövləti, nə “var” adlandırdığımız oğul-uşaq, nə şan-şöhrət azarı. Vaqifi şəhidi olduğu Sözün əlindən almağa heç nəyin və heç kimin gücü çatmadı. Vaqif sözün xəstəsi, onun qulu olaraq qaldı. O, indi də belə yaşayır. Sözlərin, misraların arasıyla, əlçatmaz göy pillələrində pay-piyada dolaşa-dolaşa…”

Kitabda şairin şeirlərinə çəkilən rəsmlərin müəllifi Antalya Akdeniz Universitetinin professoru Məzahir Avşardır.