Sənədli filmin çəkilişləri başa çatmaq üzrədir
Xəbər verdiyimiz kimi, “Salnamə” studiyası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi ilə əlaqədar “Azərbaycanın elm məbədi” adlı sənədli film çəkir. Filmin yaradıcı qrupunun rəhbəri və ssenari müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, baş rejissoru tanınmış kino xadimi Ayaz Salayev, operatoru Moskva Dövlət Kinematoqrafiya İnstitutunun məzunu Yuri Varnovskidir.
Yaradıcı qrup AMEA-nın əhatə etdiyi əksər elmi-tədqiqat institutlarında çəkilişlər aparıb, müsahibələr alıb. Foto-Kino Sənədləri Arxivindən nadir materiallar əldə olunub. Ukrayna Elmlər Akademiyasının prezidenti, akademik Yevgeni Paton, Rusiya Elmlər Akademiyası Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelin filmin yaradıcı heyətinə müsahibələr verib.
Bugünlərdə akademik İ.Həbibbəyli və çəkiliş qrupunun üzvləri Sankt-Peterburq şəhərində Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Nobel mükafatı laureatı, akademik Jores Alfyorov ilə görüşüb. Nobel mükafatçısı Azərbaycanla olan çoxillik elmi əlaqələrindən, dünyada elmlər akademiyaları sistemində gedən müasirləşmə proseslərindən danışıb, AMEA-nın yubiley tədbirlərində iştirak etmək dəvətini razılıqla qarşılayıb.
Növbəti aylarda “Azərbaycanın elm məbədi” filminə dair əldə edilmiş tarixi materialların və yeni çəkilmiş videolentlərin montajı işi aparılacaq.