Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin “Solistlər ansamblı”nın konserti keçirildi. Konserti dirijorların Y.Svetlanov adına beynəlxalq müsabiqəsinin laureatı, Əməkdar artist Fuad İbrahimov idarə edirdi.

Çox rahat, fərqli və qeyri-adi ab-havada keçən ikihissəli konsert proqramında solistlər Fəridə Məmmədova (soprano), Anar Məmmədov (klarnet), Ucal Məmmədxanın (zərb alətləri) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Müasir musiqidən ibarət repertuar, istedadlı dirijor Fuad İbrahimovun özünəməxsus dəst-xətti, solistlərin peşəkar ifaları konsert boyu zalın səhnəyə diqqət kəsilməsinə səbəb olmuşdu. Hər bir not, hər bir səs dinləyicilər tərəfindən xüsusi maraqla dinlənilirdi.

Konsertdə ilk olaraq italyan bəstəkarı S.Sciarrinonun “Şüşə arxasında səslər” əsəri səsləndi. Soprano və instrumental ansambl üçün yazılmış əsər elə ilk anlardan bir klassika əhvalı yaratdı. Daha sonra Ayaz Qəmbərlinin “Hisslər üzərində özünütəlim metodu”, Luciano Berionun “O King” əsərləri təqdim olundu. Qeyd edək ki, Prezident mükafatçısı A.Qəmbərlinin adıçəkilən əsəri 2011-ci ildə Amerika Birləşmiş Ştatlarının Boston şəhərində keçirilən bəstəkarların 29-cu “Alea” III Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb.

Gecədə müasir musiqiyə xarakterik avanqard axtarışlar, akustik mühit və musiqi toxunuşları, sözün əsl mənasında, dinləyicilərə böyük zövq yaşatdı. Əsərlərin ardıcıllığı uyğunluqla seçildiyindən konsert boyunca ifaçıların asta və sürətli səsləndirmələri dinləyicilərə musiqinin templərini tam olaraq qavramaq imkanı yaradır və onları yormurdu.

Proqramda diqqətçəkən əsərlərdən biri də Alban Bergin “Wozzeck” operasından Mariyanın laylayı oldu. Əsəri ansambl üçün Moskva Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Fərəc Qarayev işləyib. Avstriya bəstəkarının bu ekspressionist operası XX əsr yeni Vyana məktəbinin şah əsərlərindən biri sayılır. Musiqi, poetiklik və ansambl üçün işlənmiş müfəssəl variant alqışlarla qarşılandı.

Konsertin ikinci hissəsi də maraqlı anlarla yadda qaldı. Fransız bəstəkarı Jorj Apergisin “Yeddi sevginin cinayəti”, Xəyyam Mirzəzadənin “Biz səni xatırlayırıq, Çarles!”, Andrey Volkonskinin “Şazanın şikayətləri”, Louis Andriessenin “Gümüş”, Aleksandr Vustinin ”10 üçün musiqi” əsərləri müasir musiqini sevənlər üçün əsl hədiyyə idi.

Konsert proqramı sənətin spesifik tərəflərinə ciddi rakursdan baxış imkanı yaratdı. Kiçik pauzalar, fraqmentlər və ifalardakı özünəməxsusluq çoxrəngli səs nöqtələrinin cazibəsində fərqli dərinlikləri hiss etdirə bildi.

Qeyd edək ki, oktyabrın 29-da P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının S.Raxmaninov zalında “Azərbaycanlı ifaçılar Moskva Konservatoriyasının kamera zallarında” silsiləsindən yekun konsert keçiriləcək. Həmin konsertdə iştirak edəcək “Solistlər ansamblı”nın proqramı bütünlüklə müasir musiqidən ibarət olacaq. Proqrama Fərəc Qarayev, Alban Berq, Ayaz Qəmbərli, Xəyyam Mirzəzadə və digər bəstəkarların əsərləri daxildir. Musiqi gecəsinin aparıcısı sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Məmmədov olacaq.

Onu da xatırladaq ki, “Azərbaycanlı ifaçılar Moskva Konservatoriyasının kamera zallarında” silsiləsinə daxil olan altı konsert çərçivəsində pianoçular Ülviyyə Hacıbəyova və Gülşən Ənnağıyeva, skripkaçılar Osman Eyyublu və Elvin Xoca Qəniyev, habelə digər azərbaycanlı ifaçılar çıxış ediblər.

LALƏ