Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin heyəti 8-13 oktyabr tarixində Macarıstanın paytaxtı Budapeştdə Boçkay İstvan Təhsil Mərkəzinin 20 illik yubiley tədbirində iştirak edib.
Tədbirdən öncə Slovakiya, Çexiya, Polşa, Rumıniya, Macarıstan, Rusiya və Azərbaycan nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirilib.
Təhsil Mərkəzinin rəhbəri Papp Kornel, Sankt-Peterburq Musiqi liseyinin direktoru Vitali Romanov və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusiflinin iştirakı ilə keçirilən işgüzar görüşdə üç ölkənin musiqi və incəsənət sahəsində təhsil sistemlərinin öyrənilməsi, təcrübə mübadiləsi, müştərək layihələr haqqında müzakirələr aparılıb. Həmçinin üç tədris ocağının iştirakı ilə “Günəşə doğru” adlı müsabiqənin keçirilməsi ilə bağlı razılıq əldə edilib.
Tədbir çərçivəsində musiqi alətləri emalatxanası haqqında söhbət aparılıb, simli və nəfəs alətlərinin düzəldilməsi işində Macarıstanın böyük təcrübəyə malik olduğu vurğulanıb. Daha sonra Mərkəzi İncəsənət Məktəbinin emalatxanasında çalışan usta Oqtay Hüseynovun düzəltdiyi violin aləti təqdim edilib, alət peşəkarlar və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Budapeşt Musiqi Kollecinin Böyük zalında keçirilən konsertdə Əməkdar artist Əziz Qarayusifli Budapeşt Konservatoriyasının professoru, klarnet ifaçısı İstvan Varqa ilə birlikdə çıxış edib. Qara Qarayevin “Violin üçün sonata”sı (4 hissə) Budapeşt Konservatoriyasının professoru, tanınmış violin ifaçısı Andrea Şuster və konsertmeyster Tatyana Qarayusifli tərəfindən ifa edilib. Tədbirdə Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin təqdim etdiyi musiqi nömrələri də alqışlarla qarşılanıb.