Festivalın budəfəki şüarı “Daha çox caz, daha çox intellekt”dir
Paytaxtımızın ev sahibliyi etdiyi ənənəvi beynəlxalq incəsənət layihələri arasında Bakı Caz Festivalının məxsusi yeri var. Festival hər il müxtəlif ölkələrdən tanınmış caz ifaçı və qruplarını bir araya gətirir.
Mədəniyyət Nazirliyinin də dəstək verdiyi festivalın builki açılışı ölkəmiz üçün əhəmiyyətli bir tarixə, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününə təsadüf etdi. Budəfəki caz bayramı “Daha çox caz, daha çox intellekt” şüarı altında gerçəkləşir. Qız qalasının yaxınlığında quraşdırılan səhnədə “Broadway Express Show”, Kubanın “Yanssel və Los Amiqos”, Türkiyənin “Ercüment Örkut Trio” qrupları, Afşin Əlizadə, qarmon ifaçısı Seymur Həsənov kimi yerli caz qruplarının çıxışlarını izləyənlər rəngarəng musiqidən zövq aldılar.
Festivalın direktoru Leyla Əfəndiyeva açılış mərasiminin Müstəqillik Gününə təsadüf etməsini ikiqat bayram kimi səciyyələndirdi: “Caz Azərbaycanda sevilən musiqi janrıdır. Caz musiqidə azadlıq və improvizasiya deməkdir. Açılış mərasimi art proyeksiya ilə başlanır. Bu proyeksiya dünya caz animatorlarını bir araya toplayıb və biz onların işlərini bu gün görəcəyik”.
Qeyd olundu ki, festivalda dünyanın tanınmış caz ifaçıları ilə bərabər, yerli caz ifaçılarımızın muğam-caz, caz-rok, etnik caz üslubunda çıxışlarını izləmək imkanımız olacaq. Rain Sultanov və digər cazmenlərimizin yeni layihələri də təqdim ediləcək.
Festivalın konsertləri “Landmark”, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Kamera və Orqan Musiqisi Zalında təşkil ediləcək. Caz festivalının maraqlı məqamlarından biri də hər günün sonunda, gecə yarısı təşkil edilən “jam-session”dur. Bir qayda olaraq, caz musiqiçiləri əvvəllər heç yerdə kollektiv vahid səs yazısında işlətmədikləri melodiyalar əsasında improvizasiya seansları keçirir və intellektual auditoriya üçün eksklüziv musiqi təqdim edirlər. Bu, istənilən səviyyəli musiqiçilər üçün imtahan sessiyası və hər şeydən öncə, Azərbaycan cazmenlərinin potensiallarını nümayiş etdirmələri üçün bir şansdır.
L.Əfəndiyeva onu da vurğuladı ki, budəfəki festivalda musiqi həvəskarları və caz biliciləri üçün gecə yarısı keçirilən sessiyalara giriş sərbəst olacaq.
Bakı Caz Festivalının açılış konserti bir-birindən maraqlı ifalarla davam etdi. Ancaq ən parlaq sürpriz festivalın açılış gününün sonunda təqdim olundu. Qız qalasının üzərinə proyeksiya olunan instalyasiya paytaxtın musiqisevərlərinə xoş əhval bəxş etdi.
***
Oktyabrın 19-da festivalın iki konserti keçirildi. “Landmark” hotelindəki “Rotunda” caz klubda Almaniyanın “Masaa” qrupu və İtaliya və Belçika musiqiçilərindən ibarət “Giuseppe millaci vogue” triosunun çıxışı oldu.
Oktyabrın 20-də Fransanın “Julie Erikssen” kvarteti və Türkiyədən “Ercument Orkut trio”nun konsertləri keçirildi.
***
Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Bakı Caz Festivalının daha bir iştirakçısı – Yuri Honinq kvartetinin konserti oldu. Niderlandlı saksofon ifaçısı Yuri Honinqin akustik kvarteti 90-cı illərdən məşhurlaşmağa başlayıb. Musiqiçi özünü həm klassika, həm də caz sahəsində sınayıb. 1996-cı ildən məşhur “Abba” və “The Police” qruplarının mahnılarına caz improvizələr edən kvartet böyük uğur qazanıb.
Kvartet Bakı Caz Festivalı tamaşaçılarına 2015-ci ildə işıq üzü görən “Desire” (“Arzular”) albomundan kompozisiyalar təqdim etdi. Proqram caz, pop, klassik janrların sintezindən ibarət idi.
Yuri Honinq kvartetinin konserti caz pərəstişkarlarında müəyyən mənada saksofon festivalı əhval-ruhiyyəsi yaratdı. Dördlük repertuarında olan populyar əsərləri ifa etdi. Musiqiçilərin ifası bir daha sübut etdi ki, caz fərqli bir dünyadır. İntellektual, zərif və incə. Bu zərif və incəliyi isə kvartet öz ifası ilə təsdiqləməyi bacardı.
***
Oktyabrın 22-də Azərbaycan (Rain Sultanov), Türkiyə (Cem Cankaya) və İsveç (N.Ölmedal) cazmenlərinin birgə konserti də festivalın maraqlı musiqi axşamlarından oldu.
Həmin gün Beynəlxalq Muğam Mərkəzində “I am jazzmen” müsabiqəsinin final konserti təqdim edildi.
Qeyd edək ki, oktyabrın 27-dək davam edəcək festivalın proqramına ümumilikdə 25 konsert, ustad dərsləri, cazla bağlı film təqdimatı və s. daxildir.
Bakı payızının caz həyatını “Euronews” telekanalı da işıqlandırır və bu günlər dünyanın caz həvəskarlarının diqqəti paytaxtımıza yönəlib.
LALƏ