(Bu sözün ilk hərfi bu anlar xəyalımda “ö” kimi də assosiasiyalanır...)
Sağlığında iyirmi dörd, yoxluğunda yüz yaşlı cavana;
Ağı taleli Cavid ƏFƏNDİnin, acı yaşamlı Mişkinaz, nakam ömürlü Turan XANIMların hər iki cahanlıq ələm-nisgillərinə;
Yavan-yabanı “stalinizm-bolşevizm”in kübar-zadəgan “qrif”li qurbanı – Ərtoğrul CAVİDə...
Dilimizdəki bütün əzab-əziyyət qatqarlı ifadələri, xəyallardakı hər tür fəci situasiyaları ayağa çəkibən deyim ki, soyu soğulmuş (kəsilmiş) bu şəcərəyə hətta bu bədbin, bu tühaf təyin-sifətlər də yaraşır!
Sözüm qəribliyə salınmasın; ovaxtlar onlara bu kimi ifadələrdən yoğurulmuş bir tale yaşadanların ünvanına indiyədək bircə kəlmə də olsun xoş söz işlədilibmi?!
Yəni şərafətli şəxsiyyətlərin hətta bədniyabət ifadələri belə qiymətə mindirmələri məsələsi...
On bir yaşında “Bir çiçək ki, yeni açmağa başlar, Görənlər bir yarpaq həmən qoparar” demiş bu –
Əbədicavan –
dünyaya bu xalqın öz çoxəsrlik milli arzusuna yetdiyi dövrdə – 1919-un oktyabrında gəlib.
(O ay ki, – bu ata-balaların doğum təxt-bəxtləri: Hüseyn Cavid – 1882-nin 24 oktyabrında, Ərtoğrul – 1919-un 22 oktyabrında, Turan – 1923-ün 2 oktyabrında). Bu millətin həqiqi dostları (Ə.Cavad, Ö.F.Nemanzadə, Ü.Hacıbəyli, S.Hüseyn, M.Müşfiq) büsbütün Vətən-Millət amallı Cavidlər ailəsini poetik-prozaik təbrik, şifahi-sifarişi gözaydınlıqlar atəşinə tutublar.
Lakin o atanın bu uşağı Bakıda (ölüm-dirim savaşlarıyla qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtında) Ərtoğrul adlandırdığı çağda, Sovet imper-paytaxtındakı atalar bu ölkəni “Azərbaycan SSR” adlandırmaqdaymış. Onların bolşevik balaları bunu 6 ay 6 gündən sonra (28 aprel 1920) reallaşdırıblar.
Ogündən –
günləri qara keçəsi bu ailənin bu yavrusu Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Konservatoriyasında – ilk böyük əsəri hesab edilən fortepiano üçün “9 variasiya”sını ithaf etdiyi Ü.Hacıbəylinin sinfində oxuyub.
(Lakin... bu qədər musiqi vurğununun öz pianinosu olmayıb; konservatoriyada həmişə boş otaq axtarar, tapanda çalarmış)
Skripka ilə fortepiano üçün poema, Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, N.Rəfibəylinin “Eşq olsun”, türkmən şairi Kəminənin “Leylanın vəsfi”, Tahir Rasizadənin “Səninlə…” və s. şeirlərinə romans və mahnılar yazıb. Böyük Vətən müharibəsi başlarkən “Sərhəddən məktub” simfonik balladasını yazıb, marşlar bəstələyib.
1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışıb, musiqi folkloru nümunələrinin toplanmasında iştirak edib, konservatoriya nəzdindəki musiqi məktəbində dərs deyib. Azərbaycan xalq mahnılarının nota alınması, Avropa və rus bəstəkarlarının romans və mahnılarının mətnlərinin dilimizə çevrimində fəallıq edib.
Yaradıcılığı yarımçıq əlyazma təsiri bağışlayan bu gəncin 1939-da yazdığı tərcümeyi-halından bir parça: “1926-cı ildə Azərbaycan Darülmüəllimatı yanındakı nümunə məktəbinə daxil olub, 1928-ci ildə 8-ci məktəbə dəyişilmiş, 1935-36-cı illərdə oranı “tədris zərbəçisi” kimi bitirmişəm”.
Bu şəxsi həyat (və... “afəti-can”) nakamı ilk ictimai diqqət-məhəbbət kamına hələ orta məktəbin 2-ci sinfindəykən “Ay” şeirilə qədəm qoyub. 5-ci sinifdə oxuyarkən yazdığı “Sönük həyat” şeirində isə əməlli-başlı “ağsaqqallıq” edib:
Ona toxunanlar həpsi vicdansız,
Könül çalan əfi,canavar, qansız.
Sonra çiçək incə boynunu büküb,
Göz yaşı yerinə zəhərlər töküb,
Gündən-günə solur, tikənə dönür,
Gözündə parlayan səadət sönür...
Bunları adsız-təxəllüssüz yazıbmış (bəlkə də Türk-Turan şöhrətli ata Caviddən həya etdiyi üçün). Yaradıcılığının “həddi-büluğ” dövrünüsə (milli qövmünə qarşı törədilən siyasi-mənəvi basqılara bir gənclik hiddəti olaraq), TOƏC (Türk Oğlu Ərtoğrol Cavid) imzasıyla başlayıb və bu dönəm şeirlərində “yarımçıq həyat və yaradıcılıq” ömrünün nikbin taktlarıyla birgə, yaşıyla uyuşmaz bədbin notlar da sədalanıb:
Mərd iyidlər nərəsi, yaralıların səsi,
Hər ürəkdə doğursun qalibiyyət həvəsi!
Cəbhələrdən səs gəlir, o səsdən həvəs gəlir,
Qalibiyyət bizimdir, “ura!” səsi yüksəlir...
Bu yaradıcılığın baş amalı xalqının azadlığı, müstəqilliyi! “Etüd”, “Uğursuz gecə”, “Bir obraz”, “Vərəmli qız”, “Həyat”, “Dostlar”, “Professorun ailəsi”, “Eqoistin taleyi” kimi nəsr və dram əsərlərində ictimai-sosial, mənəvi-əxlaqi məsələlər çırpınır. Bu alovlu vətənpərvərlik, ictimai-sosial yanım-dönümcüllüksə, əlbəttə, müəllifin geni-qanı ilə bağlı...
Turan tutumlu düşüncə sahibi bu qədər gənc ola-ola, öz şəxsi və milli soy-kökənini sınmama əzmi ilə də şərəfləndirib!
Qapı kandarında –
1937...
4 iyun, gecə saat 4. NKVD-nin qara maşını atasını həbsə gəlib. Saatlarla axtarış, bütün “dəyərlilər”in müsadirəsi və qapıdan çıxmaqda olan Cavid əfəndinin məhz onun üzünə baxaraq söylədiyi həyat nidalı vəsiyyət: “Kişi sınar, əyilməz! Ananla bacını sənə tapşırıram. Salamat qal...”.
Altı ildən sonra o özü də belə bir tapşırıq verəcək. Müharibə vaxtı cəbhəyə yox, “xalq düşməni” oğlu kimi göndərildiyi Gürcüstan fəhlə batalyonunda aclıq və fikri-fiziki gərginlikdən vərəmə tutulub xəstəxanada (1943) ölümlə çarpışarkən, minbir müsibətlə yanına gəlmiş anasına: “Bəs mən sizi kimə tapşırım, ana?” - deyəcəkdi...
(Həyatı fırça ilə də təsvir etməyi bacarmış bu “tələskən” sənətkar tariximizin o “dəvədəbuynuz” dövr-VAXTını sözlə də portretləşdirib: “Sferblat üzərindəki rəqəmlər, sanki əqrəblərin hərəkətinə mane olur”. “Düşüncələrim” essesində isə konkret olaraq 1939-u damğalayıb: “Dahi – düşüncədə quruluş propaqandasına qapılmayandır. İdeoloji propaqandaçılıq müstəqilliyi pozur”)
Hələ buna qədər iki ümid yerindən birincisi olan müəlliminə məktublarında yazacaqdı: “Hörmətli Üzeyir bəy! Əsgərliyə getməzdən əvvəl Sizinlə görüşmək mənə qismət olmadı. Yeganə narahatçılığım anam və bacımın acınacaqlı halıdır. Yavaş-yavaş kimsəsizlik duyğularım artır, səhhətim zəifləyir. Mənə ən çox əzab verən səbəb yalnız ailəmizin vəziyyətidir. Mən öz oğulluq borcumu yerinə yetirə bilmədim. Ailəmizin bir qədər rahat dolanmasına əmin ola bilsəydim, kədərim xeyli azalardı.
Rica edirəm, mümkün ola biləcək yardımınızı ailəmizdən əsirgəməyin.
Anam uşaq bağçalarında, bacım həm maşinistkalıq, həm də ibtidai məktəbdə (matematika, dil) işləyə bilər. Ən vacib məsələ isə çətin hallarda ürək-dirək vermək, mənəvi yardımdır”.
(Üzeyir bəy məktubu oxuyan andanca zəng edir, Turan xanım Radio Verilişləri Komitəsində, Mişkinaz xanım tikiş artelinə işə götürülür)
1943-ün aprelində həmin xəstəxanadan Bülbülə yazırdı: “Hörmətli Bülbül dayı, salamlar! Bir ədib söyləmiş ki, həyat insanlardan da insafsızdır. Tale məni elə bir dərdə saldı ki, bütün planlarım, arzularım alt-üst oldu. Temperaturum səhərlər 38, gecələrsə 40-a qalxır. Lazımi davacat və yeməyin olmamasından son dərəcə zəifəm. Yerimdə otura bilmirəm. Doktor yazmağa yol vermir; bu məktubu gizli (uzandığım halda) yazıram.
Lakin gizli bir mənbə, möhkəm inam mənə daim qüvvət verir. Mən öz məqsəd və idealıma çatacağam. Bu, musiqidir!...
İndiki planım Naxçıvana getməkdir. Orda hər şey var. Nənəmlə qonşu kəndlərə gedəcək, səhhətim imkan versə, kabineti maraqlandıran materiallar toplayacağam”.
Dadar-doymaz dolanışıq çətinlikli, “yüksək volt” gərginlikli bu müəllifin yarımçıq qalan əsərləri (“Böyük simfonik orkestr üçün romans-kapriççio”, “Piano üçün serenada”, “Skripka və fortepiano üçün konsert”, “Sonatina” və s.) bitirdiklərindən (“Gecə xəlvətcə bizə çeşmi xumar gəlmiş idi”, “Bir mən idim, bir sən idin”, “Leylanın vəsfi”, “Eşq olsun” və s.) çox. Hələ ürəyində qalanlar: “İblis” vokal-uvertüra-kantatası, “Şeyx Sənan”, “Məhsəti” operaları...
(Bu Oğulun musiqi uğurları təbii ki, hər misrasından əsrarəngiz nəğmələr yağan böyük Atadan qidalanırdı. Bu Atanın yaradıcılığını uzun illər tədqiq edən mərhum filoloq-alim Əkrəm Cəfər deyirdi: “…Hüseyn Cavid XX əsr Azərbaycan əruzunda heç bir nöqsana, xətaya yol verməyən iki böyük sənətkardan birincisidir”)
Dövrlər, dövranlar...
Bir vaxtlar dahi Üzeyir Hacıbəylinin “fitri istedadlı və ən sevimli” tələbəsi olmuş bu oğlan bir də sovetin nisbətən “sifətsiz”ləşən vaxtında üzə çıxarılmağa başlayır. 1981-də efirə gedən televerilişdən: “Ərtoğrul tanındığı çevrədə heyranedici idi – eynən Turan dünyasında tanınıb-sevilən atası Hüseyn Cavid kimi! Bütün qiymətləri “əla” idi. Əlaçı tələbə çox ola bilər, o isə – tərbiyədə də, istedadda da, yar-yaraşıqda da əlaçı idi!” (M.C.Cəfərov). “Fikrimcə, həyatdan yarımçıq gedən böyük talantlar zaman-zaman xalqın daha böyük məhəbbətilə mükafatlanırlar – sənət ömrü indilər başlanan Ərtoğrul Cavid kimi...” (Anar) və s.
Bu gənc müəllif qoca dünyanı tək elə həyatanə qələmilə yox, təbiətanə fırçasıyla da çox gözəl incələyib: “Şekspir”, “Bethoven”, “A.M.Şərifzadə” və başqalarının portretləri, “Şeyx Sənan”, “İblis” və digər tarixi, mifik, ədəbi-bədii obrazlar onun bu sahə ustalığından da xəbər verir. Hüseyn Cavidin ev-muzeyindəki “Mişkinaz Cavidin portreti”sə, övladlıq məhəbbətilə sənətkarlıq qüdrətinin sintezi kimi baxılır.
Yaşasaydı, milli tariximiz bəlkə daha parlaq bir Cavidlə – Oğul Cavidlə də zənginləşəcəkdi. Şair, nasir, bəstəkar, rəssam, folklorçu, pedaqoq, dramaturq, ədəbiyyatşünas, dilçi, ssenarist, riyaziyyatçı, şahmatçı Cavidlə! Heyflər ki, bütün bu tamlıq-yarıtamlıqlar 24 yaşla natamamlanıb...
Bu an ailəsinə (ümumən bu dünyaya!) yazdığı son məktubunu (6 sentyabr 1943) xatırladım: “Əzizlərim, salamlar! Nəhayət, Naxçıvana gəldim. Ümid bağladığım bir adam – Əziz Şərif məni çox rahat gətirib çıxartdı bura. Əvvəl onlara getdik...”
Və... –
1943-cü ilin 14 noyabrı. Naxçıvan. Oğul Cavid tabutdadır. Özü də tək elə səhhəti-vərəm sonucuna yox, həm də dövrün siyasi “tuberklyoz-finiş”inə bənzər tabutda...
(Görəsən, iki il əvvəl qürbətdə keçinmiş Ata Cavid nəyəbənzər tabutda imiş? Ən azı Sibirəbənzər...)
Bəli, son günləri daha ağır keçən bu gənc – müsibətzadə ana və bacısını görmədən, atasının taleyindən xəbər tutmadan vəfat edir...
Tahir ABBASLI