Oktyabrın 18-də Ankarada növbəti kitab sərgisi başlayıb. 2014-cü ildən etibarən ATO (Ankara Ticarət Odası) Congresium – Uluslararası Konqres və Sərgi Sarayında gerçəkləşən sərgiyə 260-dan çox nəşriyyat qatılıb. Sərginin qonaq ölkəsi Rusiyadır.

Ənənəvi olaraq izdihamla müşayiət olunan sərgi çərçivəsində kitab satışları ilə yanaşı, müxtəlif tədbirlər, kitab təqdimatları, müəlliflərlə görüş və imza günləri keçirilir. Oktyabrın 27-dək davam edəcək budəfəki  sərginin proqramına 1500-dən çox belə tədbir daxildir.

Sərgidə imza günü keçirilən müəlliflər sırasında yazıçı-jurnalist, AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı da var.

Oktyabrın 20-də müəllif  “Azadlıq nəğməsi” (“Azatlık türküsü”) romanı ilə kitabsevərlərin qarşısına çıxdı. Bu, müəllifin Türkiyə türkcəsində çap olunan 7-ci kitabıdır.

Müəllif bildirdi ki, kitab Azərbaycan dilində keçən il  Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə çap olunub: “Kitab vətənini ən ali hisslərlə sevən iki gəncin – Şahvə və Şölənin eşq hekayəsidir. Romanda XX əsrdən günümüzə qədər Azərbaycanda baş verən hadisələr obrazlı şəkildə verilib. Şahvə və Şölənin biri-birinə, ailələrinə, vətənlərinə o qədər ülvi hissləri var ki, onların qəlblərində nifrətə yer yoxdur. Əslində, vətənini, dövlətini, xalqını sevən hər bir millətin nümayəndəsi bu əsərdə özünü tapa bilir. Bu baxımdan da roman dünyəvi hesab oluna bilər”.

Müəllifin sözlərinə görə, roman dövlətin vətəndaş üçün nə qədər dəyərli olduğunu təbliğ edir. Azərbaycan tarixindəki 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 1918-ci ilin mart soyqırımı, 28 aprel – Azərbaycan Xalq Cümhuriyyətinin işğalı günü kimi tarixi faktların kitabda əks olunması ilə yanaşı, sonu müsbət emosiyalara köklənib. 28 Mayın Azərbaycan xalqının və dövlətçiliyimizin tarixində nə qədər əhəmiyyətli bir gün olduğu romanda yer alıb”.

S.Şahtaxtı onu da bildirdi ki, Avrasiya Yazarlar Birliyinin nəşri olan kitab 2 min tirajla çap edilib və internet üzərindən ona böyük maraq var: “Mənim üçün bir sevindirici məqam da odur ki, TÜRKSOY da 50 illik yubileyim münasibətilə bu kitabı Türkiyə türkcəsində min tirajla paralel olaraq çap edib”.

“Azadlıq nəğməsi”ni Türkiyə türkcəsinə çevirən tərcüməçi, araşdırmaçı-yazar Metin Yıldırım da həmkarının əsərinə münasibətini bildirdi. O, eyni mövzunu başqa hadisələr fonunda özünün bu sərgidə təqdim olunan “Suç koridoru” kitabında təsvir etdiyini, xalqlarımızın başına gələn müsibətlərlə bağlı tarixi gerçəkləri dünyaya çatdırılmasının vacibliyini vurğuladı.    

Mehparə SULTANOVA
Ankara