Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert olub.
Çoxsaylı paytaxt sakinlərinin böyük maraqla qarşıladığı konserti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da izləyib.
Konsert proqramı Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun və “Mirvari” rəqs qrupunun birgə təqdimatında “Qarabağ” kompozisiyası ilə başlayıb.
Sonra Azərbaycanın estrada ulduzları Murad Arif, xalq artistləri Röya və Miri Yusif çıxış edib, məşhur mahnılarını səsləndiriblər.
Musiqili gecədə, həmçinin Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Elman, Ellai, BahhTee konsertdə xüsusi qonaq qismində iştirak edərək, populyar kompozisiyalarını ifa ediblər.
Sonra müğənni-bəstəkar, Azərbaycanın Xalq artisti Emin çıxış edib. O, repertuarından bir sıra məşhur mahnılarını ifa edib. Emin Azərbaycana həsr olunan mahnısını isə konsertdə iştirak edən digər sənətçilər və tamaşaçılarla birlikdə oxuyub.
Bayram konsertində Azərbaycan bayrağı dalğalandıran minlərlə insan iştirak edib.