Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunan musiqi festivalı çərçivəsində oktyabrın 27-də “Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri və perspektivləri” mövzusunda elmi konfrans keçirildi.

Konfransda Azərbaycanın klassik bəstəkarlarının yaradıcılığına və əsərlərinə aid ingilis dilində çap edilmiş kitablar nümayiş olunurdu.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə konfransı açaraq ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasətindən danışdı. Bu ənənələrə sadiq qalan ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə olduğu kimi, musiqi mədəniyyətimizdə də yüksəliş və tərəqqinin özünü göstərdiyi vurğulandı.

Musiqi festivalı haqqında məlumat verən F.Əlizadə qeyd etdi ki, festival zamanı gənc bəstəkarların müxtəlif mövzuda yeni əsərləri səsləndirilir. Bu əsərlər zaman ötdükcə populyarlaşacaq, tamaşaçı, dinləyici sevgisi qazanacaq, həmçinin gənc bəstəkar və dirijorları da püxtələşdirəcək.

İttifaqın katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova qeyd etdi ki, əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan ənənələr bu gün uğurla davam etdirilir. Hazırda Bəstəkarlar İttifaqında mütəmadi olaraq konfranslar, təqdimatlar, yubiley mərasimləri keçirilir: “Əvvəllər gənc bəstəkarlar bir qədər diqqətdən kənarda qalırdılar. Ancaq festivalların keçirilməsi yeni istedadlı bəstəkarlarımızı üzə çıxarır və tanınmasına kömək edir. Keçirilən tədbirlər zamanı gənc bəstəkarlarımızın fərdi yaradıcılıq üslubu, sənətkarlıq məsələləri diqqət mərkəzində olur”.

Sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova “Azərbaycan Bəstəkarlar İttifaqının beynəlxalq musiqi festivallarında rolu” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd olundu ki, bu gün Azərbaycan festivallar ölkəsi kimi tanınır. 2009-cu ildən başlayaraq iki ildən bir keçirilən “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı dünyanın müxtəlif ölkələrindən muğamsevərləri, muğam ustadları və muğamşünas alimləri bir araya gətirir. Bu festival musiqi dəyərləri arasında ünsiyyətə, qarşılıqlı əməkdaşlığa geniş meydan açır. Bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir ki, Azərbaycan muğamı, tar və kamança ifaçılıq sənətləri UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Tədbirdə daha sonra Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Son illərdə Azərbaycan bəstəkarlarının yaradıcılıq axtarışları”, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin baş müəllimi Raya Abbasova “Müasir dövrdə milli opera janrının problemləri”, ABİ-nin katibi, Bakı Musiqi Akademiyasının dosenti Aliyə Məmmədova “Son illərdə gənc bəstəkarların yaradıcılıq nailiyyətləri”, bəstəkar, BMA-nın doktorantı İlahə İsrafilova “Müasir dövrdə gənc bəstəkarların yaradıcılıq problemlərinə dair” mövzusunda məruzələrlə çıxış etdilər.

S.FƏRƏCOV