Azərbaycanın dünya şöhrətli müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) vəfatından 11 il ötdü. Bu münasibətlə oktyabrın 25-də mədəniyyət və incəsənət xadimlərinin, musiqisevərlərin iştirakı ilə I Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olundu, qəbirüstü abidəsi önünə əklil qoyuldu, tər çiçək dəstələri düzüldü.

Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qeyd etdi ki, Müslüm Maqomayev dahi bəstəkar kimi təkcə Azərbaycanda deyil, bütün dünyada tanınır və sevilir: “Onun musiqi duyumu ailəsindən gəlirdi. Babası – görkəmli bəstəkar Müslüm Maqomayev Üzeyir Hacıbəyli ilə birlikdə Azərbaycan professional musiqisini yaratmış şəxsdir. Böyük müğənninin bariton səsi dünyada ən nadir səslərdən biridir. Onun xatirəsi daima sənətsevərlərin qəlbində yaşayacaq”.

Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Sergey Stepanov bildirdi ki, Müslüm Maqomayevin məzarı qarşısına toplaşanlar arasında gənc nəslin nümayəndələrinin olması çox sevindiricidir: “Biz ildə iki dəfə – avqust və oktyabr aylarında bəstəkarın məzarını ziyarət edirik. Amma musiqisevərlər onu hər zaman yada salır, ifalarından zövq alırlar”.

Əməkdar mədəniyyət işçisi İldırım Qasımov vaxtilə Müslüm Maqomayev kimi dahi musiqiçi ilə Dövlət Estrada-Simfonik Orkestrində birgə çalışmağından fəxr duyduğunu dedi.

Çıxışlarda vurğulandı ki, böyük müğənni gələcək nəsillərə əbədi yaşayacaq bir sənət yadigar qoyub.

NURƏDDİN