Azərbaycan ədəbiyyatının bənzərsiz simalarından olan Hüseyn Cavidin adı dünya ölkələrini dolaşmaqdadır. Cavidin əsərləri müxtəlif ölkələrdə tərcümə edilir. Ölkəmizin Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə Cavid yaradıcılığının ən parlaq nümunələrindən olan “İblis” faciəsi Monteneqro dilinə çevrilərək nəşr edilib.

Xatırladaq ki, bir neçə il öncə Azərbaycan dövlətinin təşəbbüsü ilə paytaxt Podqoritsadakı “Kral” parkında Hüseyn Cavidin abidəsi ucaldılıb. Ədibin “İblis” əsərinin Monteneqro dilində nəşri onun bu Balkan ölkəsində daha çox tanınmasına təkan verəcək.

Bu fikir oktyabrın 22-də Podqoritsa şəhərindəki Monteneqro Universitetində kitabın geniş müzakirəsi və təqdimatında bir daha vurğulanıb.

Mərasimdə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri, “İblis”in Monteneqro nəşrinə müqəddimənin müəllifi Eldar Həsənov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Monteneqronun tanınmış yazıçıları Sreten Vuyoviç, Qoran Sekuloviç və başqaları çıxış ediblər.

Mərasimdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin hazırladığı, Hüseyn Cavidin həyat və yaradıcılığının müxtəlif anlarının əks olunduğu, Ərtoğrol Cavidin müəllimi Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi musiqi əsəri ilə müşayiət olunan videoçarx nümayiş etdirilib.