Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə noyabrın 7-də saat 12:00-da “Hilton Baku” hotelində incəsənət əsərlərinin növbəti auksionu  keçiriləcək.

Auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə həyata keçirilir.

Xatırladaq ki, bu ilin 21 may tarixində “Auction Baku” MMC tərəfindən  ilk dəfə keçirilən auksion ictimaiyyətdə böyük maraq yaradıb və Azərbaycan iqtisadiyyatında yaradıcı sənayenin rolu və gələcək inkişaf perspektivləri nəzərə alınaraq yenidən keçirilməsi qərara alınıb.

Hərrac incəsənət əsərlərinin, əntiq əşyaların, qədimi mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionunu nəzərdə tutur.

Bu dəfə 11 lot üzrə – Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən ‘’Kompozisiya’’, Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş”, “Payızda-yaz”, Namiq Məmmədovun “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əlinin “Karvan” və İlham Mirzəyevin “Antik büst – qızılı fonda” əsərləri hərraca çıxarılacaq. Auksionda iştirak etmək üçün dəvətnamə tələb olunur.

Media nümayəndələri üçün giriş sərbəstdir.