Oktyabrın 29-da Beynəlxalq  Muğam Mərkəzinin (BMM) təşkilatçılığı ilə Tbilisidə  Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və Gürcüstan (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər” mövzusunda dəyirmi masa keçirildi.

Layihənin məqsədi iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan musiqi irsinin təbliği, ölkə xaricində arxivlərdə muğam sənətimizlə bağlı məlumatların əldə edilməsidir. Layihənin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru tədqiqatçı-alim Gülhüseyn Kazımovdur.

Gürcüstan Dövlət Folklor Mərkəzində təşkil edilən tədbirdə Azərbaycanın Tbilisidəki səfiri Dursun Həsənov, hər iki ölkənin folklor və milli musiqi kollektivlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mərkəzin direktoru Georgi Donadze iştirakçıları salamlayaraq Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrdən söz açdı. Bildirdi ki, rəhbərlik etdiyi mərkəzlə BMM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum birgə konsert, forum, konfrans və dəyirmi masaların təşkili üçün də geniş imkanlar yaradır.

BMM-in direktoru Murad Hüseynov nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etdi. Vurğuladı ki, memorandum yalnız milli musiqi və folklor mərkəzləri arasında deyil, bütövlükdə mədəni əlaqələrinin inkişafına zəmin yaradır. Direktor ölkəmizdə muğam sənətin inkişafı və dünyada tanıdılmasından söz açaraq bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərini və Heydər Əliyev Fondunun layihələrini xüsusi diqqətə çatdırdı.

Vurğulandı ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə Beynəlxalq Muğam Mərkəzi yaradılıb. O da, qeyd edildi ki, ölkəmizdə gerçəkləşən festivallarda Gürcüstandan olan musiqiçilər də iştirak edir.

Gürcüstan Xalq Mahnıları və Musiqi Alətləri Dövlət Muzeyinin direktoru Revaz Kodrikadze çıxışında Azərbaycan mədəniyyəti barədə fikirlərini bölüşdü. O, XIX və XX əsrlərin böyük sənətkarları Bülbülcan, Xan Şuşinski, Sadıqcan və digər muğam ustalarının Gürcüstanda çox sevildiyini bildirdi.

Dəyirmi masanın iştirakçılarından tədqiqatçı alim Gülhüseyn Kazımov Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin tarixi kökləri, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi muğam və poeziya mövzusunda çıxış etdilər.

İ.Fəhmi bildirdi ki, muğam ifaçıları kimi şairlərimizin, qələm adamlarımızın da bir çoxunun həyat və yaradıcılığı Tbilisi ilə sıx bağlı olub. Əliağa Vahid, M.Ş.Vazeh,  A.Bakıxanov və digər şairlərin bu şəhərlə bağlı şeirləri var.

Tbilisi Dövlət Konservatoriyasının əməkdaşı Nino Gambaşidze, Gürcüstan Xalq Mahnı və Musiqi Alətləri Dövlət Muzeyinin əməkdaşı Ketevan Bayaşvili çıxış edərək  Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən, aşıq sənəti, folklor nümunələri haqqında danışıb, fikirlərini bölüşdülər. Vurğulandı ki, iki xalq tarixən hər zaman bir-birinə yaxın olub və mədəniyyətləri bölüşüblər. Bu gün biz bu qarşılıqlı münasibətlərin öyrənilməsi, tədqiq edilməsi və gələcək nəsillərə ötürülməsi üçün bütün imkanlardan istifadə etməliyik.

***

Layihənin bədii hissəsində  M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun konserti keçirildi.

Konsertdən əvvəl muzeyin elmi işçisi Leyla Əliyeva çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərindən danışdı, mərkəzdə Azərbaycan muğam ifaçılarının konsertinin keçirilməsini tarixi hadisə kimi dəyərləndirdi.  Azərbaycanın Gürcüstandakı səfirliyinin ikinci katibi Anar Hidayətov konsertin təşkilatçılarına təşəkkür etdi. Qeyd etdi ki, əlaqələrimizin inkişafında mədəniyyət və incəsənət xadimlərinin də böyük rolu var.

Konsert proqramında ilk olaraq Gürcüstanı təmsil edən musiqi qruplarının – muzeyin nəzdində saz ifaçısı Nargilə Mehdiyevanın rəhbərliyi ilə fəaliyyət göstərən “Meydan” aşıq dəstəsi, qadınlardan ibarət “Nanina” xalq çalğı alətləri ansamblı və “Eqari” etno-caz instrumental ansamblının ifaları təqdim olundu.  İkinci hissədə isə “Qarabağ” muğam qrupu Azərbaycan muğam, təsnif və xalq mahnılarından ibarət repertuarla çıxış etdi. Əməkdar artsitlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara) öz virtuoz müşayiəti ilə xanəndə Mənsum İbrahimovun əsrarəngiz ifalarına rəng qatdılar. Paytaxt Tbilisi ilə yanaşı, Rustavi şəhərindən, Marneuli, Qardabani, Bolnisi və digər rayonlardan gəlmiş tamaşaçılar muğam qrupunu alqışlarla qarşıladılar.

Konsertin sonunda  Xalq artisti Mənsum İbrahimov tamaşaçılara minnətdarlığını bildirdi.

M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbərliyi iki ölkə arasında mədəni əlaqələrə verdiyi töhfəyə görə BMM-in direktoru Murad Hüseynov, tədqiqatçı Gülhüseyn Kazımov və xanəndə Mənsum İbrahimovu fəxri fərmanla təltif etdi.

Qeyd edək ki, muzeydə musiqi dərnəkləri fəaliyyət göstərir. Tar dərnəyinin yaradılması münasibətilə BMM tərəfindən Milli Konservatoriyanın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasının müdiri, tar ustası Məmmədəli Məmmədova sifariş verdiyi alət muzeyinə təqdim edildi. Muzeyin rəhbərliyi dəyərli hədiyyəyə görə BMM-in rəhbərliyinə minnətdarlığını bildirdi.

Lalə AZƏRİ