Naxçıvan ədəbi mühitində Ordubad bölgəsinin yetişdirdiyi neçə-neçə tanınmış qələm sahibləri olub. Şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi Hüseyn Razi də bu mühitdə öz dəst-xətti ilə seçilib.

Hüseyn Məmməd oğlu Rzayev 17 oktyabr 1924-cü ildə Ordubad rayonunun Dəstə kəndində dünyaya göz açıb. Kənd yeddiillik məktəbini bitirdikdən sonra Ordubad Pedaqoji Texnikumuna qəbul olunur. Təhsilini başa vurduqdan sonra təyinatla Culfa rayonunun Ərəzin kəndinə müəllim göndərilir.

Hüseyn Razi orta məktəb illərindən bədii yaradıcılığa başlayır, “Odlu diyar”, “Arxalı dağlar” və digər əsərləri ədəbi mühitdə maraqla qarşılanır.

Böyük Vətən müharibəsinin başlanması onun da gənclik ideallarının pərən-pərən düşməsinə səbəb olur. 1942-ci ildə cəbhəyə yola düşür. Bryansk şəhəri uğrunda gedən döyüşlərin birində yaralanır. Sağaldıqdan sonra kiçik təyyarə mütəxəssisləri hazırlayan hərbi məktəbə göndərilir. Burada təhsilini başa vurduqdan sonra ikinci Baltikyanı cəbhəsində əlahiddə uzaq kəşfiyyat alayında xidmət edir və ordudan tərxis olunur.

Vətənə dönən şair Ordubad şəhər səkkizillik məktəbdə müəllim işləyir. Bədii yaradıcılığını davam etdirən Hüseyn Razinin “Moskva” adlı ilk şeiri 1947-ci ildə “Şərq qapısı” qəzetində, “Naxçıvan” şeiri isə “İnqilab və mədəniyyət” jurnalında dərc olunur. Bundan sonra şair müntəzəm olaraq dövri mətbuatda çıxış edir. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirir. Sonralar Naxçıvan Radio Verilişləri Redaksiyasında, “Şərq qapısı” qəzetində çalışır.

Vətənpərvərlik mövzusu Hüseyn Razi yaradıcılığında əsas yer tutur. Bir çox şeir, poema və dram əsərlərində Böyük Vətən müharibəsi mövzusu parlaq şəkildə öz əksini tapıb. Müharibə illərində Azərbaycanın igid övladlarının şücaəti sənətkarlıqla tərənnüm edilib. “Buludlar arasında”, “Həyəcanlı gecə”, “Alovlu yollar” və s. publisistik yazılarında müharibənin çətinlikləri ürəkağrısı ilə xatırlanır. Şair “Vətən eşqi” şeirində yazır:

Sevək bu torpağı gözümüz təki,
Sevən ürəklərin odu sönməsin.
Şəhid balaların böyük məsləki,
Kişilik qeyrəti ləkələnməsin.

Müəllifin istər şeir yaradıcılığında, istərsə də publisistikasında Cənubi Azərbaycan mövzusu daha dolğunluqla verilib. Buna onun “Culfadan Təbrizə”, “Yuxularda”, “Şəhriyarla söhbət”, “Qıfıl”, “Yamandır” şeirlərini misal göstərmək olar.

Şair bədii yaradıcılıqla bərabər, tərcümə ilə də məşğul olub. M.İsakovski, L.Martınov, S.Mixalkov, S.Şipaçev, O.Şestinski, R.Həmzətov, R.Babacan, A.Bartonun şeirlərini dilimizə tərcümə edib. Onun şeirləri türk, tatar, fars, fransız və rus dillərinə çevrilib.

Dramaturgiya sahəsində qələmini sınayan ədibin “Tarla gözəli”, “Günəş”, “Arxalı dağlar”, “Haray səsi”, “Şirinliyin acısı” pyesləri tamaşaya qoyulub. Onun “İrəvan ədəbi mühiti” adlı irihəcmli tədqiqat əsəri də maraqla qarşılanıb.

Şair 1984-cü ildə “Respublikanın Əməkdar incəsənət xadimi” fəxri adına və digər təltiflərə layiq görülüb. 27 fevral 1998-ci ildə vəfat edib.

Savalan FƏRƏCOV