Azərbaycan

1 noyabr 1906 – Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış “Füyuzat” jurnalı nəşrə başlayıb. Jurnalın redaktoru Əli bəy Hüseynzadə idi.

1 noyabr 1923 –  Qəzəlxan şair Əliağa Bakir (Əliağa Hacağa oğlu Rzayev; 1923-1998) Bakıda anadan olub.

1 noyabr 1945 – Kinorejissor, ssenarist Nicat Lətif oğlu Feyzullayev (1945-2015) anadan olub. “Küçələrə su səpmişəm” bədii filmini çəkib.

 

2 noyabr 1934 – Şair, Əməkdar müəllim Oqtay Məhərrəm oğlu Rza (1934 – 18.8.2019) Salyan rayonunun Qalalı kəndində doğulub.

2 noyabr 1937 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 - 18.11.2000) anadan olub. “Hicran”, “Bankir adaxlı” və s. musiqili komediyaların, populyar mahnıların müəllifidir. Filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “İstintaq” və s.) musiqi bəstələyib.

2 noyabr 1947 – Əməkdar artist Telman Rüstəm oğlu Əliyev (1947 – 4.7.2017) Şuşa şəhərində anadan olub. Gəncə, Milli Dram teatrlarında çalışıb.

 

3 noyabr 1983 – Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22.3.1913 – 1983) vəfat edib. Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında çalışıb. Filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

1 noyabr 1636 – Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux; 1636 – 13.3.1711) anadan olub.

 

2 noyabr 1906 – İtalyan kino və teatr rejissoru Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 - 17.3.1976) anadan olub. Filmləri: “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti” və s.

 

3 noyabr 1797 – Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Qafqaza sürgün olunub. Azərbaycan xalq qəhrəmanın həyatından bəhs edən “Molla Nur” povestini yazıb.

3 noyabr 1801 – İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini; 1801-1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.

3 noyabr 1869 – Rus şərqşünası, akademik Vasili Bartold (1869-1930) anadan olub. “Kitabi-Dədə Qorqud”un bəzi boylarını rus dilinə tərcümə edib.

Hazırladı:  Vüqar ORXAN