Noyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə. 150 il (məqalələr, esselər, müsahibələr, şeirlər)” kitabının təqdimatı olub.

İnstitutun direktoru, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, böyük ədib, dramaturq, publisist Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. Bildirilib ki, təqdim olunan kitab Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov tərəfindən tərtib olunub.

Nəşrdə ötən əsrin 60-70-ci illərindən bəri kitablarda, qəzet və jurnallarda, saytlarda və digər elektron resurslarda Cəlil Məmmədquluzadə haqqında yazılmış məqalələr, esselər, müsahibələr və şeirlər toplanıb. Kitabda Azərbaycan Respublikası Prezidentinin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı, ümummilli lider Heydər Əliyevin böyük ədibin 125 illik yubiley tədbirindəki nitqi, həmçinin 93 məqalə, 13 esse, 8 müsahibə, 30 şeir yer alıb.

Tədbirdə çıxış edənlər kitab haqqında fikirlərini bölüşüblər.

Kitabın baş redaktoru akademik İsa Həbibbəyli, elmi redaktoru professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, rəyçiləri AMEA-nın müxbir üzvü Tehran Mustafayev və dosent Şəmil Sadiqdir.