Ənvər Həsənov: “İstəyirəm ki, tamaşaçı məni bu yaşda formadan düşmüş deyil, elə Murad, Cəlal, Şahbaz görkəmində yadda saxlasın”
Hər bir insan arzularının dalınca qaçır. Taleyini sənətə bağlayan insanların arzusu isə daha rəngarəng, daha maraqlı olur. Çünki bu insanların sənətə sonsuz sevgisi onları başqalarından fərqləndirir. Azərbaycan kino sənətində bir-birindən maraqlı obrazlar qalereyası yaradan Əməkdar artist Ənvər Həsənov da gənc yaşlarından bu əsrarəngiz aləmə qədəm qoyub.
Deyirlər, kino surət qatarı kimidir. O qatarın pəncərəsindən hər kadra yalnız bir dəfə baxmaq olar. Ənvər Həsənovun milli kinomuzda oynadığı rollar isə daim tamaşaçını o qatarın arxasınca boylanmağa vadar edir. Çəkildiyi hər filmdə sanki o, rolları deyil, obrazların özü gəlib onu tapıb. Ekran həyatı verdiyi surətlər elə bil onun öz həyatı, öz dünyası olub...
Ənvər Həsənov 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyub, sonra təhsilini fəhlə-gənclər məktəbində davam etdirib. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi. Dördillik kursu bitirdikdən sonra 1969-1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm” kinostudiyasında çalışıb. Kino sənətimizin inkişafında xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
“Dəli Kür”, “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”, “Dərviş Parisi partladır”, “Babək”, “Arxadan vurulan zərbə” - ümumilikdə 50-dən artıq filmdə bir-birindən maraqlı obrazlar yaradıb.
Aktyor deyir ki, “Uşaqlığın son gecəsi” filmində oynadığı Murad obrazı onun üçün bir növ avtobioqrafik səciyyə daşıyır: “Mən də Murad kimi İçərişəhərdə böyümüşəm, elə xasiyyətdə olmuşam. Murad məktəbi təzə qurtarmış gəncdir. Filmə çəkiləndə mən də 11-ci sinifdə oxuyurdum”.
O, İçərişəhərin dar məhəllələrinin birində tanınmış rejissor Arif Babayevlə qonşuluqda yaşayırdı. Rejissor bu dəliqanlı, çılğın gəncə hər zaman fikir verərmiş. Oğlanın hər bir hərəkəti, oturuşu-duruşu, davranışı, danışığı rejissorun diqqətindən kənar qalmazmış. Elə bu xarakterinə görə də onu filmlərindən birinə çəkmək arzusunda idi. Çox keçmir ki, 11-ci sinif şagirdi olan Ənvəri quruluş verdiyi filmdə əsas rollardan birini oynamaq üçün sınaq çəkilişlərinə dəvət edir. O, çəkilişlərdən uğurla keçir və bədii şura Ənvəri “Uşaqlığın son gecəsi”ndə Murad roluna təsdiq edir. Tezliklə bu rol onun həyatında yaşıl işıq yandırır və sənət üfüqlərini genişləndirir...
* * *
Avqustun 17-də həmin çılğın, dəliqanlı gəncin - tanınmış aktyor, rejissor Ənvər Həsənovun 65 yaşı tamam oldu. Onunla “Azərbaycanfilm” kinostudiyasında, iş başında görüşdük. Ənvər müəllim gənc rejissorun çəkdiyi yeni filmin səsləndirilməsi prosesinə nəzarət edirdi. Sənətkar deyir ki, bu il üç yubiley rəqəmini birləşdirir: 50, 65, 70.
- 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil oldum. Həyatımın bütün hadisələri də elə həmin gündən sonra başlandı. Artıq 50 ildir ki, mən bu kinostudiyada çalışıram. Bu illər ərzində ən böyük qazancım odur ki, Azərbaycanın korifey sənətkarları ilə çiyin-çiyinə çalışmışam. Bu sıraya təkcə aktyorları aid etməzdim. Kino sənətində çalışan bütün sənətkarlar - operatorlar, bəstəkarlar, rejissorlar. Azərbaycan və Rusiya kinematoqrafçıları - kimlərin adlarını sadalayım...
Bu insanlar həyatımda müəyyən izlər qoyublar. 65 illik yubiley ərəfəsində həm sevinirəm, həm də kədərlənirəm. Çünki çəkildiyim filmlər tamaşaçılar tərəfindən hər zaman rəğbətlə qarşılanıb. Bu, hər aktyora nəsib olmur. İndi də sənətimə xalqın sevgisinin, rəğbətinin şahidi oluram. Bəlkə elə buna görə də uzun illərdir bu kinostudiyaya sadiqəm, son nəfəsimədək də burada olmalıyam.
- Ənvər müəllim, bəs 70 rəqəmi nəyə işarədir?
- Üçüncü rəqəm filmlərimin sayıdır. Bu gün titrlərdə Ənvər Həsənovun adı qeyd edilən filmlərin sayı 70-dir. 50 filmdə aktyor kimi çəkilmişəm, 20 filmin isə ikinci rejissoruyam.
- Amma Murad və Cəlal obrazları sizi daha çox sevdirib...
- Rəhmətlik Adil İsgəndərov deyirdi ki, aktyor çox obraz yarada bilər, amma nədənsə tamaşaçı həmişə onlardan yalnız birini seçir. Murad mənim ilk işim idi. Cəlal isə “Yeddi oğul istərəm”də ən yaddaqalan obrazlardan biri oldu. Əlbəttə, buna şadam. İlk filmimdən sonra bu obraza dəvət aldım. Hər iki obrazla tamaşaçıların sevgisini qazanmağa nail oldum. “Uşaqlığın son gecəsi” filmi 1969-cu ildə Kiyevdə Zaqafqaziya respublikaları və Ukraynanın "Prometey-69" III zona kinofestivalında 5 mükafata layiq görüldü. Ən yaxşı kişi obrazı nominasiyasında mükafatlardan biri mənə verildi. 20 yaşımda məni SSRİ Kinematoqrafçılar İttifaqına üzvlüyə qəbul etdilər. Bundan əlavə, adım kino lüğətinə daxil edildi. Gənc bir aktyor üçün bu, böyük uğur idi.
- Gənc ikən şöhrət qazanmısınız. Bəs bu gün Azərbaycan kinosunda gəncliyin mövqeyini necə görürsünüz?
- Son illərdə kinostudiyaya gənc kadrlar gəlir. Onların dünyagörüşü, iş təcrübəsi zamanla püxtələşir, yetişir. Biz də birdən-birə öyrənmədik. Müəyyən yollar keçdik. İstərdim ki, onlar da ətraflarındakı peşəkarlardan öyrənsinlər. Bizim dövrdə mənimlə kinoya gələnlərdən rəhmətlik Ceyhun Mirzəyev və digərləri daha cəld, daha aktiv və işimizə məhəbbətlə yanaşırdıq. Amma indiki gənclikdə bir lənglik müşahidə edirəm.
- Yaradıcılığınızda hansı yeniliklər var?
- İki ildən artıqdır ki, kinostudiyada kino yayım şöbəsinin müdiriyəm. Gördüyünüz kimi, hazırda rejissor Mirbala Seyidovun “Qırmızı bağ” filmində səslənməyə kömək edirəm. Son dövrdə iki televiziya filminə çəkilmişəm. 2 il ərzində 4 ekran işində rol almışam. Ümumiyyətlə, axır zamanlar çalışıram az çəkilim. Bunun da səbəbi var. İstəyirəm ki, tamaşaçı məni bu yaşda, azacıq da olsa, formadan düşmüş Ənvər Həsənov kimi deyil, elə Murad, Cəlal, Şahbaz görkəmində yadda saxlasın. Yaş da öz sözünü deyir. Etiraf edim ki, son illərdə xarakterimə, yaşıma uyğun obrazlar olmur.
- Son dövrlərdə cəmiyyətdə Murad, Cəlal xarakterli gənclərlə rastlaşırsınızmı?
- Əfsuslar olsun ki, müasir gənclik elə bil özünə qapanıb. Nə Muradı, nə Siracı, nə də Cəlalı görə bilirəm. Texniki inkişaf gəncləri ətraf aləmdən ayrı salıb. Evimizdə xeyli kitab var, amma nəvələrim daha çox planşetdən oxuyurlar. Bütün bunlar da gənclərin xarakterinə, dünyagörüşünə təsirsiz ötüşmür. Bu səbəblərdən də həmin obrazlardakı xarakterə malik gəncləri tapmaq çətindir.
- Ənvər müəllim, görürəm ki, sizi gözləyənlər çoxdur. Bir daha ad gününüzü təbrik edir, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.
- Mən də ilk növbədə sizə təşəkkür edirəm ki, yada salıb təbrik edirsiniz. Arzum budur ki, yaşlı nəsil hər zaman dəyərləndirilsin. Cavanlar, gənc kadrlar da nə qədər bacarırlarsa öyrənsinlər. Necə köhnə filmlərimiz sevilərək baxılır, bu gün də istehsal edilən filmlər keyfiyyəti ilə insanları cəlb etsin. Məncə, tamaşaçı məhəbbəti qazanmaq aktyorun ən böyük uğurudur.
L.Azəri