Moskva vilayətinin Ximki şəhərindəki Muzey-sərgi kompleksində rəssam Yelena Stepinanın “Azərbaycan təəssüratları. Şərq koloriti” adlı sərgisi açılıb.

Sərgidə müəllifin yağlı boya, akvarellə çəkilmiş, habelə batika unikal texnikası ilə parça üzərində ərsəyə gətirdiyi 40-dan çox əl işi təqdim edilib.

Çıxış edənlər Mərkəzi uşaq incəsənət məktəbinin müəllimi, Moskva vilayətinin “Rəssamlar İttifaqı” ictimai təşkilatının üzvü Y.Stepinanın əl işlərinin özəlliklərindən söz açıblar.

Müəllif bildirib ki, onun bütün əsərləri Azərbaycana səyahətinin təəssüratı altında yaradılıb. Rəssam ölkəmizdəki görməli məkanları və təbiət mənzərələrini, habelə insanları təsvir edib.

Y.Stepina deyib: “İki il əvvəl mən unikal təbiəti, təkrarolunmaz mədəniyyəti, ləzzətli mətbəxi və gözəl insanları olan bu ecazkar ölkədə olmuşam. Bu, məni Azərbaycana həsr olunmuş əsərlər yaratmağa sövq edib. Kompozisiyaların süjetləri öz fantaziyalarımın məhsuludur. Azərbaycan mənim üçün yeni, özünəməxsus və çox koloritli ölkədir. Onu küləklər və odlar diyarı adlandırırlar. Çalışmışam ki, Azərbaycanın gözəlliyini, xüsusiyyətlərini, görməli məkanlarını və təbiətini əks etdirim. İpək parçalar üzərində dekorativ kompozisiyalar, qədim şəhərlər, insanlar, natürmortlar, Şərq dolçaları, meyvələr və ornamentlər təsvir olunub. Təəssüratlar çox böyükdür, deməli, mənim gələcək əl işlərimdə mütləq yer alacaq çoxlu ideyalar da var”.

Sərgi dekabrın 1-dək davam edəcək.