Qarabağ müharibəsinin faciələri bir jurnalist ailəsinin fonunda təqdim olunur

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Onun atası” adlı qısametrajlı bədii filmin çəkilişləri davam edir.
Filmdə Qarabağ müharibəsi, torpaqlarımızın işğalı və bu müharibənin yaratdığı fəsadların insanların həyatına təsirindən bəhs olunur. Müharibənin doğurduğu çətinliklər, faciələr bir jurnalist ailəsinin fonunda təqdim olunur.
Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədovla çəkiliş meydançasında görüşüb, film haqqında söhbətləşdik.
Rejissor qeyd edir ki, Qarabağ münaqişəsi xalqımızın yaddaşında dərin psixoloji iz qoyub: “Ərazilərin işğalı, minlərlə vətəndaşımızın şəhid olması, bir milyondan artıq insanın öz doğma yurd-yuvalarından didərgin düşməsi xalqımız üçün sağalmaz yaraya çevrildi. “Onun atası” filmində də həmin faciələri göstərməyə çalışacağıq”.
Filmin bütün çəkilişlərinin Bakıda olacağını deyən Zamin Məmmədov ekran əsərini bir ay yarım müddətə təhvil verməyi planlaşdırdıqlarını bildirdi. Filmin xronometrajının 18-25 dəqiqə olacağı gözlənilir.
Qeyd edək ki, “Onun atası” filmində hadisələr Bakıda cərəyan edir. Qarabağa ezam olunan filmin baş qəhrəmanından - jurnalistdən iki aydır xəbər gəlmir. Jurnalist qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalır. Geridə onun həyat yoldaşı və azyaşlı oğlu qalır.
Filmdə bir millətin və bir ailənin faciəsi fonunda qürurlu, dözümlü, mərd bir qadın - ana obrazı əksini tapır. Film ananın və azyaşlı oğlunun ailə başçısı - atanın vətən uğrunda faciəli ölümünü mətanətlə qəbul etməsi, həyat davam edir, təki vətən sağ olsun fikri ilə yekunlaşır. Elə bu fikir onlara mənəvi dayaq olur.
Psixoloji dram janrında olan ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.
Rolları Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırırlar.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar