Tale elə gətirib ki, 9 noyabr Azərbaycanın dövlətçilik tarixində iki əlamətdar hadisə ilə yadda qalıb. Bunlardan biri üçrəngli bayrağın ilk dəfə Azərbaycanın dövlət rəmzi kimi qəbul olunması – 9 noyabr 1918-ci il; digəri isə yenidən yüksələn həmin bayrağın və bərpa olunmuş müstəqilliyimizin ilk dəfə qardaş ölkəmiz Türkiyə tərəfindən tanınmasıdır – 9 noyabr 1991-ci il...
Əslində, Türkiyənin hələ SSRİ-nin de-yure mövcud olduğu bir vaxtda onun müttəfiq respublikalarından birinin – Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanıması o dövr üçün cəsarətli addım idi. Hərçənd Ankara hələ 1991-ci il avqustun 30-da, yəni Azərbaycanın Ali Soveti “Müstəqillik bəyannaməsi” qəbul edərkən bu niyyətini Bakıya bildirmişdi. Lakin o vaxtın Azərbaycan rəhbərliyi məsələdə ehtiyatlı, daha doğrusu, astagəl davranmaqda idi. 1991-ci ilin 18 oktyabrında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulundan sonra da Bakıdan bu yöndə real təşəbbüs (dünyaya çağırış) xeyli ləngimişdi. Yalnız oktyabrın 28-də Ali Sovet BMT-yə və dünya dövlətlərinə müvafiq müraciət qəbul etmişdi.
Azərbaycan xalqı, təbii ki, müstəqilliyə ilk dəstəyin, eynilə 1918-ci ildə olduğu kimi, Türkiyədən gələcəyini gözləyirdi. Nəhayət, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 23-cü günündə Türkiyənin Hökuməti tarixi qərarı bəyan etdi. Azərbaycanın müstəqillik faktı beynəlxalq müstəviyə çıxdı.
Türkiyənin bu qərarı təkcə Moskvada mənfi qarşılanmamışdı (SSRİ XİN Ankaraya etiraz notası vermişdi), Türkiyənin NATO-dakı əsas tərəfdaşı olan ABŞ tərəfindən də təqdir edilməmişdi.
Hələ ondan bir müddət öncə ABŞ-ın Ankaradakı böyükelçisi Türkiyə rəhbərliyinə müraciət edərək onu SSRİ respublikalarını tanımaqda tələsməməyə çağırmışdı. O vaxt Vaşinqton Moskva ilə SSRİ-nin nüvə arsenalının aqibəti ilə bağlı gərgin danışıqlar aparırdı və NATO üzvü kimi Türkiyənin tələsməsi bu müzakirələr üçün arzuolunmaz fon idi. Lakin buna rəğmən Türkiyə öz qardaşlıq missiyasını yerinə yetirdi. Bununla da 1990-cı ildə Qərb tərəfindən tanınan Baltikyanı respublikalardan sonra belə bir dəstəyi ilk olaraq Azərbaycan (Türkiyədən) aldı. Yeri gəlmişkən, ABŞ özü tanıma qərarını 25 dekabrda (M.Qorbaçov SSRİ-nin süqutunu rəsmən elan etdiyi gün) verdi...
Türkiyə sonrakı müddətdə də Azərbaycanla münasibətlərdə birinci olmaq fürsətini heç bir ölkəyə güzəştə getmədi. 1992-ci il yanvarın 14-də Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalandı. Bu, müstəqil Azərbaycanın beynəlxalq müstəvidə diplomatik münasibətlərə dair imza atdığı ilk sənəd idi. Bu faktın gerçəkləşməsi də həmin dövrdə Türkiyə dövlətinin apardığı çevik diplomatiyanın nəticəsi idi.
Ankara bu barədə qərarını 1992-ci il dekabrın sonunda qəbul etmişdi. O vaxt cənub qonşumuz da birinci olaraq Azərbaycanda səfirlik açmağa, daha doğrusu, Bakıda hələ SSRİ dövründən fəaliyyət göstərən konsulluğunu səfirliyə çevirməyə tələsirdi. Amma Türkiyə bu əlamətdar (və heç də simvolik olmayan) şansı ona verə bilməzdi...
Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana hər zaman birinci əl uzadıb. 1992-ci ilin aprelində Azərbaycanın BMT-dəki (Nyu-York) diplomatik nümayəndəliyi də ilk dövrdə qardaş ölkənin daimi nümayəndəliyinin ofisində fəaliyyət göstərmişdi. Azərbaycanın xaricdəki ilk səfirliyi də 1992-ci ilin avqustunda Türkiyənin paytaxtı Ankarada açılmışdı.
Azərbaycanla Türkiyə arasında dövlətlərarası münasibətlər 28-ci ilini tamamlayır. Bu illərdə ölkələrimizin çoxsahəli əməkdaşlığı bütün istiqamətlərdə böyük inkişaf yolu keçib. İki ölkə arasında əməkdaşlıq 300-dən çox hüquqi sənədlə (protokol, memorandum, saziş və s.) möhkəmlənib.
Bu illərdə Azərbaycan-Türkiyə qardaşlığı çətinliklərdən, sınaqlardan keçib, arada qısamüddətli narahatlıq doğuran dövrlər də olub. Amma önəmli olanı bu sınaqlardan qarşılıqlı anlaşma, birlik və bərabərlik içində çıxıb irəliyə yanaşı addımlamaqdır...
Vüqar ORXAN