Nobel qardaşları haqqında ilk məlumata orta məktəbdə tarix dərsliyində rast gəlmişdim. Şimali Avropadan – Skandinaviya yarımadasından Nobel qardaşlarının paytaxtımıza gəlişi, neft sənayesinə sərmayə qoyması mənim üçün çox maraqlı idi.

İsveç vətəndaşı olan Robert Nobel Bakıda neft sənayesinə yatırım qoyan ilk əcnəbi hesab olunur. Əvvəlcə 1875-ci ildə kiçik bir ərazini satın alaraq öz şirkətini quran R.Nobel daha sonra maddi sıxıntılar üzündən 1879-cu ildə bu şirkəti qardaşları Lüdviq və Alfredin də yer aldığı “Nobel Qardaşları Neft İstehsalı Cəmiyyəti” anonim şirkətinə çevirir. Şirkət əsas fəaliyyətini Bakıda və Abşeronda həyata keçirib.

Alfred Nobel vəfat etməmişdən (1896) bir il öncə hazırladığı vəsiyyətnamədə fizika, kimya, tibb, ədəbiyyat və sülh sahələrində millətlərarası mükafatların təsis edilməsini irəli sürmüşdü. İlk mükafatlar 1901-ci ildə qardaşların arzusu ilə İsveçdə Stokholm və Norveçdə Oslo şəhərlərində müxtəlif nominasiyalar üzrə təqdim edilib. 118 ildir Nobel mükafatı fundamental elmlərdə böyük ixtiralara və ədəbi əsər müəlliflərinə verilir... 

 

İsveç hüdudlarından kənarda yeganə Nobel muzeyi...

 

Nobel qardaşları ölkəmizin iqtisadi həyatında dərin iz qoyub. Bu yazıda  oxucularımızı onların Bakıdakı fəaliyyətinin nişanələrindən biri – Nobellərin ev-muzeyi (Nobel prospekti 57/2) ilə tanış edəcəyik.

Böyük maraqla üz tutduğumuz ünvanda bizi muzeyin direktoru Fuad Qasımov və kompleksin meneceri Namiq Yəhyazadə səmimi qarşıladı. Direktor məlumat verdi ki, 1882-1884-cü illərdə tikilmiş Nobellərin evi 2008-ci ildən muzey kimi fəaliyyət göstərir. “Villa-Petrolea” adlandırılan kompleksin bərpasına 2007-ci ildə başlanılıb. Muzey azərbaycanlı xeyriyyəçi Toğrul Bağırovun bütün ailənin marağını rəsmən təmsil edən “Nobel Ailəsi Cəmiyyəti” ilə birgə 2003-cü ildə yaratdığı Bakı Nobel İrsi Fondu tərəfindən bərpa olunub. Ev-muzeyi İsveç hüdudlarından kənarda yerləşən ilk və yeganə Nobel muzeyidir.

Fuad Qasımovun sözlərinə görə, bu möhtəşəm tikili tanınmış isveçli memar Lindval tərəfindən yerli əhəngdaşı və oduncaqdan istifadə edilməklə Vizantiya üslubunda inşa edilib. 6 otaqdan ibarət binada Bakıda və regionda ilk dəfə olaraq “Bells” telefonu və havalandırma sistemi quraşdırılıb. Evin interyeri dəyişdirilib, lakin bəzi elementlər (məsələn, buxarılar) əvvəllər olduğu kimi dəqiqliklə yenidən qurulub. Tikilinin interyeri sadə Avropa üslubunda formalaşdırılıb, lakin bir otaq Şərq üslubunda tərtib edilib. Binada Nobel qardaşları muzeyi ilə yanaşı, Bakı Nobel Neft Klubu və Biznes mərkəzi də yerləşir. Biznes mərkəzi və klub görkəmli rəssamlardan T.Nərimanbəyov, S.Məmmədov, G.Brijatyuk və başqalarının orijinal işləri ilə bəzədilib. Muzey binasının həyətində Rusiya Rəssamlıq Akademiyasının rektoru, SSRİ Xalq rəssamı Zurab Seretelinin tuncdan hazırladığı at heykəlləri qoyulub.

Yenilənmiş binada çoxlu artefaktlar, ailəyə aid qiymətli əşyalar maraq doğurur. Bir sıra eksponatlar Nobel qardaşlarının varislərindən (hazırda onların sayı 400-dən çoxdur), kolleksiyaçılardan, habelə Avropa ölkələrinin əntiq əşya mağazalarından əldə edilib.

 

Peterburqdan rəsmlər, kitablar, ölkəmizdən xalçalar...

 

Kompleksin meneceri Namiq Yəhyazadə bildirdi ki, bina “Nobel Qardaşları Neft İstehsalı Cəmiyyəti” anonim şirkətinin işçiləri üçün nəzərdə tutulub. Onun ətrafında evlər, məktəblər, teatr, xəstəxana və Nobel qardaşlarının iqamətgahı yerləşirdi. Nobel firmasının işçiləri daş bünövrəli birmərtəbəli və ikimərtəbəli taxta kotteclərdə yaşayıblar. Böyük binanın aşağı mərtəbələri idarə üçün ayrılmışdı. Yuxarı mərtəbələrdə klub, istirahət otaqları və kitabxana yerləşirdi. Bütün interyer zəngin tərtibata malik idi. Peterburqdan rəssamlıq əsərləri, kitabxana üçün kitablar, bağ üçün heykəllər gətirilmişdi. Otaqlara azərbaycanlı və iranlı xalçaçıların toxuduqları bahalı xalçalar döşənmişdi. Park, klub, kitabxana və evlərə ümumilikdə 250 min rubldan çox xərc çəkilmişdi ki, bu da o dövr üçün böyük məbləğ sayılırdı.

Muzeyin meneceri qeyd etdi ki, bina Nobel qardaşlarının ev-muzeyi olmazdan əvvəl xəstəxana, daha sonra isə uşaq evi kimi fəaliyyət göstərib. Fəaliyyətə başladığı ilk illərdə muzeydə Nobellərə məxsus fortepiano, güzgü və gündəlik istifadə üçün əşyalar olub.

Həmsöhbətimiz deyir ki, muzey bir sıra Avropa ölkələrindən ziyarətçiləri qəbul edir: “Lakin yerli vətəndaşlar muzeyə elə də çox maraq göstərmirlər. Bu illər ərzində muzeyin otaqları yenilənib və yeni eksponatlar hesabına zənginləşib”.

P.S. Muzeydən ayrılmazdan öncə bu maraqlı məkana girişin ödənişsiz olduğunu da öyrəndik. Yəqin ki, xarici turistlərlə yanaşı, paytaxt sakinlər də bu fürsətdən yararlanacaqlar.

Nurəddin MƏMMƏDLİ