2019-cu il sentyabrın 27-dən 29-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtımızda, Bakı İdman Sarayında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə festival xarakterli, möhtəşəm VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi.
Bəli, bu tədbirin beynəlxalq festival adlandırılması doğrudur, ona görə ki, burada təkcə Azərbaycan nəşriyyatları deyil, dünyanın 22 ölkəsindən 40 xarici nəşriyyat, kitab evləri və sair qurumlar öz nəşrlərini sərgiləyir, müəlliflərin imza günləri və müxtəlif görüşlər keçirməklə performans edirdi. Xarici qonaqların, dövlət və hökumət rəsmilərinin, şairlərin, yazıçıların, tənqidçilərin, ümumən mədəniyyət xadimlərinin, kitabsevərlərin qatıldığı bu bayram tədbiri, həqiqətən, ürəkaçan və ruha qida verən, gərəkli, mötəbər bir mədəniyyət törəni idi.
Mədəniyyət naziri Əbülfəs Qarayev sərgi-yarmarkanın açılışında ölkəmizdə gedən ümumi inkişaf prosesində mədəniyyətimizin mühüm qolu olan və cəmiyyətin formalaşmasını öz çiyinlərində daşıyan kitab fəlsəfəsinin mahiyyətindən danışarkən düşüncəm məni müstəqillik dövrümüzün mədəniyyət siyasətinin son on ilinə və bir az da arxaya ekskurs etməyə, bu illər ərzində mədəniyyətimizin inkişaf mərhələsinə bir sənətkar nəzərləri yetirməyə istiqamətləndirdi. Sual doğa bilər ki, niyə son on il və bir qədər də arxaya? Deməliyəm ki, öncə gözlərim önündə dərhal, qeyri-ixtiyari, rəhbərlik etdiyim, deportasiya həyatı yaşayan C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının, bütün tarixi boyu heç vaxt nail olmadığı, lakin son on-on üç ildə qazandığı nailiyyətlər canlanmağa başladı və məhz o istiqamətdən də, ümumən mədəniyyətimizin son on ildəki, bir qədər də əvvəldən başlayan inkişaf dinamikası diqqətimi özünə cəlb etdi.
Ölkəmizdə son illərdə gedən mədəniyyət siyasətinin inkişaf mərhələsinə diqqət yetirdikcə, çox əhatəli, dinamik bir mənzərə öz rəvan ahəngi ilə, bir kəhkəşan kimi bərq vurmağa başlayır. Dediyim kimi, İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycan mədəniyyət ailəsinin bir nümayəndəsi kimi on il müddətində mühüm inkişaf prosesi keçmişdir. Əlbəttə ki, bu proses ümumən ölkəmizdə mədəniyyət strategiyasının axın selində bir zərrəcikdir, lakin mədəniyyət siyasətimizin ümumi mənzərəsi elə bir yüksəklikdə bərqərardır ki, bu yüksəklik məhz ölkənin ümumi inkişaf dinamikasından bəhrələnməklə və bu dinamikada ləngimədən çalışmaqla əldə olunan bir həqiqət olduğunu göstərməkdədir. Təkcə 2019-cu ilin mədəniyyət hadisələri bu uğurların bünövrəsinin monumental başlanğıca bağlı olduğunu diktə edir.
2019-cu ilin ən mühüm mədəniyyət hadisəsi 7 iyulda UNESCO-nun Bakıda keçirilən Dünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın Şəki şəhərinin tarixi mərkəzinin Şəki Xan sarayı ilə birgə Dünya irs siyahısına daxil edilməsi faktıdır ki, bu hadisə ölkəmiz və mədəniyyətimiz üçün böyük mahiyyət kəsb edir və mədəniyyət dinamikamızın iti hərəkətini sərgiləyir. Belə bir təəssürat yaranır və bu təəssürat belə bir kursu istiqamətləndirir ki, bu hadisə gələcəkdə Şuşa, İrəvan şəhərlərimizin, Azıx mağaramızın və bütövlükdə Azərbaycanımızın bir dünya incisi məkanı olaraq, dünya mədəni irsi kimi qəbul olunacağına və tanınacağına gətirib çıxaracaqdır.
Mədəniyyətimizin belə böyük uğurları, heç şübhəsiz ki, böyük zəhmətin və gərgin əməyin hesabına əldə olunur və bu nailiyyətlərin hamısı ölkə rəhbərinin verdiyi tövsiyə və tapşırıqların uğurla həyata keçirilməsinin nəticəsidir.
Nəzərlərimin tuta bildiyi təkcə son on ildə qazanılan nailiyyətlərin gözəçarpan cəhətlərini incələdikcə, aşağıdakı mənzərə canlanmaqla, məni köksümə sığmayan fərəh hissləri ilə öz ağuşuna alır. Bu anda mütləq olaraq onu qeyd etmək vacibdir ki, birmənalı şəkildə bütün sahələrdə olduğu kimi, məhz mədəniyyət sahəsində də inkişaf mərhələsinin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən yaradılmışdır. Mədəniyyət siyasətimizin inkişafı da məhz həmin təməllərə istinadın, bu sahəyə rəhbərlik edən və çalışan insanların peşəsinə, millətimizə, dövlətimizə sədaqətinin səciyyəsidir. Baxın, ulu öndərimizin 1995-ci il 18 sentyabr tarixində imzaladığı fərmana əsasən, hər il sentyabr ayının 18-də ənənəvi olaraq ölkəmizdə Üzeyir Musiqi Günü keçirilir. Bu elə bir mühüm məsələdir ki, təkcə böyük bəstəkarın yaradıcılığına qiymət vermək niyyəti ilə məhdudlaşmır, həm də bütün Şərqdə ilk peşəkar bəstəkarı məhz Azərbaycan xalqının yetişdirdiyini dünyaya bəyan edən böyük azərbaycançılıq məfkurəsi ilə geniş miqyas alır.
Müstəqillik dövrümüzdə bu kimi çoxlu sayda fərman və sərəncamlar imzalanmışdır ki, həmin fərman və sərəncamlar bütövlükdə Azərbaycan mədəniyyətinin strategiyasını günün tələbləri ilə inkişafa doğru hərəkət etdirməkdədir. Mədəniyyətimizin yüksək amallarla qorunması, zənginləşməsi və inkişaf etməsi üçün ölkə rəhbəri tərəfindən imzalanan “Mәdәniyyәt haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” kimi mühüm məsələlər əsas verir ki, ölkəmizin ümumi inkişaf strategiyasında Azərbaycan mədəniyyəti öz kursunu doğru və düzgün siyasətlə apara bilsin, nailiyyətlər qazansın.
Mədəniyyətə bünövrədən bu cür yanaşma ilə sabaha açılan pəncərədən bu strategiya Heydər Əliyev Fondunun öncüllüyü ilə daha geniş miqyas aldı. Təməli düzgün qoyulmuş, fövqəladə həssaslıqla müasir dünyanın tələblərinə uyğun şəkildə, dünya mədəniyyət xəritəsinə ilmə-ilmə toxunan bugünkü mədəniyyət siyasətimizin strategiya müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, beynəlxalq miqyasla əhatələnən böyük nailiyyətlərin əldə olunmasının təminatçısı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevadır. Artıq neçə illərdir ki, bu işıqlı addımlar müstəqillik dövrü mədəniyyətimizin inkişaf kursunu müəyyənləşdirir, bu kursa uyğun olaraq mədəniyyət siyasətimizin formalaşmasını təmin edir və mədəniyyət sistemimizin özünəməxsus istiqamətdə inkişaf etməsi üçün səmərəli yollar açır və bizim dünya miqyasında layiqli mövqeyimizi müəyyənləşdirməmizə təkan verir. Məhz mədəniyyətimizin hamilərinin ardıcıl zəhməti və böyük xidmətləri hesabına Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılığı, kamança ifaçılığı, xalçaçılıq, Lahıc misgərlik sənətlərinin, Novruz bayramı, çövkən atüstü oyunu, kəlağayı sənəti, milli mətbəximizin nümunələri olan lavaş və dolma, rəqs sənətimizin nümunələri – Yallı (Köçəri, Tənzərə), “Kitabi-Dədə Qorqud” eposu, eləcə də Qobustan qoruğu, “İçərişəhər” qoruğu (Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə) və Şəkinin tarixi hissəsinin UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması və muğam sənətimizin dirçəlişində və inkişafında xüsusi yer tutan beynəlxalq muğam festivallarının keçirilməsi və sair bu kimi zəngin mədəni hadisələr mədəniyyət siyasətimizin düzgün strategiyasının və bu istiqamətdə aparılan mühüm işlərin parlaq təzahürüdür.
Mədəniyyətimizin çoxxətli inkişafını formalaşdırmaq, mədəniyyət sahəsinə aid olan sektorların, o cümlədən durğunluq dövrünü yaşayan turizm sektorunun yenidən qurulması və möhkəmləndirilməsi üçün Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradıldı. Fikrimcə, burada məqsəd inkişafa doğru irəliləyən mədəniyyət siyasətinin içində turizm sektorunun sürətlə inkişafa qoşula bilməsinə bir rəvac vermək idi. Atılmış addım özünü doğrultdu. Ona görə də bu gün turizm sektoru artıq ayrıca bir qurum olaraq fəaliyyətini davam etdirir və müasir dünya ilə ayaqlaşmaq üçün günbəgün irəliləyir.
Mədəniyyət Nazirliyinin bilavasitə iştirakı ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələr təkcə mədəniyyət sahəsinin inkişafı, tərəqqisi və təbliğini təmin etmir, əslində, mədəniyyət fenomeni ilə, bütövlükdə ölkəmizin, millətimizin və ölkəmizdə yaşayan bütün insanların varlığına verilən dəyərin, Azərbaycan tolerantlığının və sair bu kimi mühüm məsələlərin mötəbər qonaqlara, öz simasında, olduğu kimi, bütün həqiqətləri ilə təqdim edilməsi və tanıdılması işlərini ön plana çıxarır. Bakıda beynəlxalq layihələrin keçirilməsi zamanı xaricdən ölkəmizə dəvət olunmuş mədəniyyət xadimlərinin ən çox təbliğetmə imkanına malik olduğunu nəzərə alsaq, həmin qonaqlara xalqımıza xas xüsusiyyətlərlə göstərilən diqqət, isti və həssas münasibət, eyni zamanda həqiqətləri faktlarla onların diqqətinə çatdırma və sair bu kimi mühüm gerçəkliklərlə zəngin olan hadisələri sərgiləmək, düşmən qüvvələrin onların təsəvvüründə yaratdığı qara piarlar nəticəsində ortaya süni şəkildə çıxarılmış təəssüratları heçə endirməyə başladı və bu layihələrin nəticəsi olaraq, Azərbaycan haqqında dünyada real fikir formalaşdı. Ölkəmiz haqqında kompleks şəkildə tanışlıqdan sonra, xarici mötəbər qonaqların hər biri öz vətənlərinə dönərkən, Azərbaycanda gördükləri bütün gerçəkliklərin istər-istəməz təbliğatçılarına çevrilirlər. Təəssüratlarını öz ətrafları ilə bölüşmələri və reallıqları qəzet və jurnallarda məqalələr dərc etdirməklə ortaya qoymaları, şübhəsiz ki, ölkəmiz və ölkəmizdə gedən quruculuq işlərinin həqiqətlərini fövqəladə şəkildə ifadə edir.
Azərbaycan Respublikası təkcə Azərbaycan mədəniyyətinin deyil, ümumtürk mədəniyyət şəbəkəsinin də inkişaf etdirilməsini və bu istiqamətdə real addımlar atmaq məqsədilə TÜRKSOY-un fəaliyyətinə misilsiz dəstək göstərməyi və türk dünyasının mədəniyyət dəyərlərini birləşdirən, qoruyan və inkişaf etdirən bu qurumun işlərində bilavasitə yaxından iştirak etməyə, daha doğru olar deyək ki, öncül olmağa çalışır. Bu məqsədlə mühüm layihələrin təşəbbüskarı olan Mədəniyyət Nazirliyi ən maraqlı layihələrdən birinin, 2009-cu ildə Azərbaycan milli opera sənətinin şah əsəri olan Ü.Hacıbəylinin “Koroğlu” əsərinin TÜRKSOY-un xətti ilə tamaşaya qoyulmasına nail oldu. Beynəlxalq layihə əsasında hazırlanan tamaşada Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan musiqiçiləri Üzeyir Hacıbəylinin işığına toplaşdılar. Tamaşa Ankara, İstanbul, Bakı, Bişkek və Astanada böyük uğurla tamaşaçıların ixtiyarına verildi və yüksək maraqla qarşılandı.
Respublikamızda bir-birini əvəzləyən beynəlxalq teatr və musiqi festivallarının geniş miqyas alması məhz mədəniyyət aləminin dinamik inkişafının göstəricisidir. Bu fikrin təsdiqi gözlərimiz önündə bir anlıq tezislər şəklində canlanan aşağıdakı dolğun mənzərədə daha parlaq şəkildə özünü ifadə edir.
2007-2019-cu illərdə ənənəvi Beynəlxalq Mstislav Rostropoviç festivalları; Vokalçıların Bülbül adına beynəlxalq müsabiqələri; hər il keçirilən Bakı Caz Festivalı; Ü.Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalları; Qəbələ beynəlxalq musiqi festivalları; “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən teatrların binalarının əsaslı təmiri və yenidən qurulması, 2010-2018-ci illərdə beş dəfə reallaşan Bakı Beynəlxalq Teatr Konfransı; bəşəriyyət üçün ciddi maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə 2011-ci ildən etibarən təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər tədbirlər. 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi olmaq və müsabiqənin şərtlərinə uyğun olaraq, növbəti ildə həmin yarışmaya ev sahibliyi etmək, bu böyük mədəniyyət hadisəsinə hazırlıq müddətində aparılan geniş mədəniyyət işləri, o cümlədən Bakının ən gözəl səmtində, bulvarda, dünya arxitekturasına daxil ola bilən konsert salonunun ərsəyə gətirilməsi, yarışmanın Azərbaycanın paytaxtında keçirilməsi ilə dünyanın diqqətinin ölkəmizə yönəldilməsi; 2009-cu ildə Bakının, 2018-ci ildə Naxçıvanın “İslam Mədəniyyəti Paytaxtı” elan olunması; 2014-2018-ci illərdə Şəki Beynəlxalq Teatr Festivalının keçirilməsi, dövlət teatrlarımızın, korifey sənətkarlarımızın yubileylərinin keçirilməsi və digər mədəniyyət tədbirlərinin təşkili, bu fəaliyyətin nəticəsi olaraq bir çox xarici televiziya kanallarının diqqətini çəkmək, Azərbaycan mədəniyyətinin müxtəlif üstün cəhətlərinin həmin kanallar vasitəsilə dünyaya tanıdılması – bir məqalədə hamısını sadalaya bilmədiyimiz bütün bu layihə və tədbirlər mədəniyyət sahəsinin canlanmasına xidmət edən amillərdir.
İFTİXAR
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru