(əvvəli qəzetin 8 noyabr tarixli sayında)
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin “Cümhuriyyət ili” elan olunması haqqında müvafiq sərəncamlarına uyğun olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı 2019-cu ildə növbəti dəfə reallaşdırılaraq paytaxtla bərabər regionlarımızda da mədəniyyət sektorunun yüksək dinamikasını nümayiş etdirdi.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” kimi konseptual sərəncamlar öz məzmunu ilə göstərir ki, nəinki mədəniyyətimizin müxtəlif sahələri, ümumən mədəni dəyərlərimiz, bütövlüklə Azərbaycan mədəniyyəti dövlət siyasətinin ümumi inkişaf kursu daxilində yeni istiqamətlərə yönəldilir, dövrün tələblərinə uyğun olaraq inkişafı təmin olunur və dünya mədəniyyət müstəvisinə inteqrasiya etdirilir.
Ötən müddətdə incəsənətlə bağlı qəbul edilən bir sıra dövlət sənədləri – “Teatr və teatr fəaliyyəti haqqında” qanun, “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam, “2009-2019-cu illərdə Azərbaycan teatrı”, “2008-2019-ci illərdə Azərbaycan kinosunun inkişafı haqqında” Dövlət proqramları və sair ötən illəri əhatə edən, bu sahələrin inkişafına geniş zəmin yaradan mədəniyyət hadisələri əsl canlı mənzərədir.
İşğalçı Ermənistanın dağıtdığı mədəni irs nümunələrimizin, qiymətli sənət əsərlərimizin, mədəniyyət abidələrimizin özümüzə qaytarılması və bərpa olunması istiqamətində də beynəlxalq miqyasda gərgin işlər aparılmaqdadır. Didərgin salınmış mədəniyyət müəssisələrimizin hamısını dövlət öz nəzarətinə götürüb, onların inkişaf etdirilməsi istiqamətində xüsusi proqramlar həyata keçirilir. Mədəniyyət Nazirliyi mədəniyyətimizə, ümumiyyətlə, mənəvi dəyərlərimizə qəsbkar düşmən tərəfindən vurulmuş ziyanın aradan qaldırılması, itirilmiş bütün torpaqlarımızla yanaşı, mədəniyyət abidələrimizin, mədəni irsimizin özümüzə qaytarılması üçün xalqımızın səfərbər olunmasına çalışır. Bu iş həmçinin ruh yüksəkliyi yaradan, xalqımızı birliyə, həmrəyliyə ruhlandıran sənət nümunələrinin yaradılmasına rəvac verir. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan siyasətin mədəniyyət qolu, daima aktivlik göstərir. Bu istiqamətdə mədəniyyət siyasətimiz xalqımızı milli birliyin möhkəmlənməsinə və birgə mübarizə aparmağa səsləyir. Mədəniyyət naziri Əbülfəs Qarayevin “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması ilə yanaşı, Azərbaycan mədəniyyətinə qarşı olan təcavüzlə mübarizədə bütün ictimaiyyəti birləşməyə çağırır!” sözləri mədəniyyət xadimlərini səfərbər edir və mübariz olmağa ruhlandırır.
Erməni faşizminin zərbəsinə məruz qalmış C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı bu çağırışa can-dildən qoşulur, göstərdiyi fəaliyyətlə mədəniyyət siyasətimizin inkişaf dinamikasında layiqli yer tutmağa çalışır. 1882-ci ildə İrəvanda peşəkar Azərbaycan teatrının əsasının qoyulmasından sonra bu şəhərdə milli teatr sənətimiz zəngin inkişaf yolu keçmişdir. İrəvan Azərbaycan Teatrı 1989-cu ildə Ermənistan hökuməti tərəfindən bütün hüquqi statusu və əmlakı əlindən alınmaqla, zorla öz yurdundan – İrəvan şəhərindən didərgin salınmışdır. 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin yüksək qayğısı ilə teatrın ölməzlik statusu – dövlət statusu özünə qaytarıldı. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə teatrın 125 illiyi təntənəli şəkildə qeyd olundu və bu tədbirlər məhz mədəniyyət strategiyamızın inkişaf konsepsiyası çərçivəsində, Mədəniyyət Nazirliyinin xüsusi təşəbbüsü və dəstəyi ilə Türkiyə Cümhuriyyətinin bir neçə şəhərində davam etdirildi. Həmin tarixdən etibarən İrəvan Azərbaycan Teatrı davamlı olaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə dəfələrlə Rusiya, Türkiyə, Gürcüstan kimi ölkələrdə genişmiqyaslı qastrol səfərləri ilə öz yaradıcılıq potensialını nümayiş etdirib. Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi və İrəvan, Qarabağ həqiqətlərini dünyaya bəyan etmək, siyasi məsələləri mədəniyyət sferasında yüksək müstəviyə qaldırmaq, siyasi strategiyanı mədəniyyətin dili ilə ifadə etmək məqsədilə respublikamızın çoxsaylı layihələri dünya miqyasına çıxarılmağa başlandı. Bu layihələr xüsusən Heydər Əliyev Fondunun öncüllüyü ilə ərsəyə gəlir və öz real təsirini göstərir. Bu istiqamətdə ən güclü təbliğat və təşviqat imkanına malik olan layihələrdən biri 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start götürən və bu gün də davam etdirilən, həm də öz töhfəsini olduqca dolğun şəkildə verən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasıdır. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı da bu kampaniya çərçivəsində hər il yeni layihələr hazırlayır, həmin layihələrlə həm respublikamızda, həm də xaricdə aktiv fəallıq göstərir.
Mədəniyyət hadisələrinin ən dolğun nümunələrindən biri də ölkə Prezidenti tərəfindən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə imzalanmış sərəncama əsasən keçirilən tədbirlər silsiləsi vasitəsilə bir-birindən maraqlı, həm də beynəlxalq miqyas alan layihələrin həm ölkəmizdə, həm də xaricdə həyata keçirilməsidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci dəfə reallaşan Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı xüsusi qeyd edilməlidir. Onu da demək yerinə düşər ki, 1 oktyabr 2018-ci ildə keçirilən Nəsimi festivalı çərçivəsində təqdim olunan “Bahariyyə” musiqi layihəsi diqqət çəkmişdi.
Bilirik ki, Nəsimi poeziyasının cövhərində nüvə partlayışı dinamikası cərəyan edir. Məhz bizim mədəniyyət strategiyamız həmin dinamikaya xas xüsusiyyətlə hərəkət etməkdədir. Bu bir unikal vəhdətdir.
Böyük dövlət olaraq yaşamaq və inkişaf etmək asandır, lakin kiçik dövlət olub, böyük dövlətlər sırasında bərqərar olmaq çox çətindir. Azərbaycan bu müstəviyə, böyük dövlətlər sırasına məhz yürütdüyü səlis siyasətlə yüksəlmişdir. Əlbəttə ki, Azərbaycan təkcə iqtisadi irəliləyişlə dünya birliyinə bağlanmaq və bununla kifayətlənmək niyyətindən uzaqdır. Azərbaycan bütün dünyaya göstərməkdədir ki, geniş arealda strategiya ilə öz yolunu davam etdirir. Ölkəmiz elə nizamla inkişaf edir ki, hətta bəzi böyük dövlətlər öz potensiallarından Azərbaycan qədər yararlana bilmədiklərini gizlədə bilmirlər. Azərbaycanı Avropaya bağlayan Bakı–Tiflis–Ceyhan, Baki–Tiflis–Ərzurum, Bakı–Novorossiysk, Tanap neft və qaz boru kəmərləri, Bakı–Tiflis–Qars dəmir yolu xətti və digər böyük layihələrin gerçəkləşməsi ilə yanaşı, respublikamızın mədəniyyət sektorunun hamiləri “İpək Yolu” vasitəsilə Azərbaycanı həm də dünya mədəniyyət sektoruna qovuşduran, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsini gerçəkləşdirən tarixi yola yenidən və yeni mahiyyətlə körpü salır. Azərbaycanın amalı Yer kürəsinə öz maddi və mədəni sərvətləri ilə sıx bağlanmaq, bu yolla həm milli məfkurəmizi, milli dəyərlərimizi, zəngin sərvətlərimizi, həm də ən başlıcası, humanist mövqeyimizlə dünya birliyində nümunəyə çevrilmə üstünlüyümüzü qoruyub saxlamaqdan ibarətdir. Bu məqsədə xidmət edən layihələr sırasında ölkəmizdə və xaricdə keçirilən böyük mədəniyyət tədbirlərinin xüsusi yeri var.
2010-cu ildən ənənəvi olaraq reallaşan “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri) bunun parlaq nümunələrindəndir. Bu məsələyə bir də teatr kontekstindən baxsaq görərik ki, 12 noyabr 2010-cu ildə Bakıda keçirilən Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək Yolu” mərhələsi beynəlxalq tədbirlər sırasında mühüm əhəmiyyətə malikdir. Azərbaycan teatrları təkcə ötən 10-12 ildə Rusiya, Türkiyə, Misir, Bolqarıstan, Tacikistan, Gürcüstan, Ukrayna, Belarus, İran, Mərakeş, Avstriya, Fransa, Almaniya, Hollandiya, İsveçrə və s. ölkələrdə çıxış etmişlər. Bu səfərlər digər mədəniyyət müəssisələrinin xarici ölkələrdə həyata keçirdikləri tədbirlər sırasında mədəniyyətimizin geniş miqyasda təbliğ olunmasına rəvac verən hadisələrdir.
Azərbaycan mədəniyyətinin bu istiqamətdə göstərdiyi çeviklik onun intibah etməsinə də səbəb olan amildir. Bu sıradan onu da qeyd etmək yerinə düşür ki, ötən müddətdə dünya şöhrətli bədii kollektivlər, teatrlar, musiqiçilər, dirijorlar da Azərbaycana qastrol səfərlərinə təşrif buyurmuşlar. Eyni zamanda dahi Ü.Hacıbəylinin 125 illiyi münasibətilə “Arşın mal alan” operettası Türkiyə, Çin, Belarus, Türkmənistan, Ukrayna və Qazaxıstanda öz səhnə həyatına qovuşmuşdur.
Azərbaycan mədəniyyətinin teatr qolu barədə söz açarkən qeyd etməliyik ki, ölkə başçısının 18 may 2009-cu il sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı, öz fəaliyyəti ilə milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, repertuarın günün tələblərinə uyğun formalaşması məqsədlərinə xidmət edən mühüm amillərdəndir. Mədəniyyətimizin dinamik inkişafının təmin olunması məqsədilə ölkə rəhbərinin imzaladığı, bu kiçik məqaləyə yerləşdirməyin mümkün olmadığı bütün ali sərəncamlar məhz düşünülmüş nurlu siyasətin təzahürüdür.
Və bütün bu hadisələr bir anlıq gözlərim önündə canlanarkən, Mədəniyyət nazirinin VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasındakı çıxışında vurğuladığı fikirlərlə diqqəti kitab aləminin mədəniyyətimizin inkişafındakı roluna cəlb etməsi, həqiqətən də, müstəqillik dövrümüzün inkişaf prosesində mədəniyyət siyasətinin parlaq şəkildə özünə yer tutmasını aydın nəzərlərlə görmək mümkünlüyü ilə məni bu sahənin nümayəndəsi olaraq düşündürməyə başladı. Əcəba, bu qədər zəngin və dolğun mədəniyyət fəaliyyəti hansı gücün, qüdrətin imkanları ilə hərəkət edir? Bu işlərin ahəngi hansı səsin avazı ilə ən zil nöqtəyə yüksəlir? Bu qədər çevik dinamika nəyin potensial imkanları ilə inkişafa doğru irəliləyir? Mütləq ki, burada bir sirr, bir sehr vardır deyə düşünmək istəyərkən, saymaqla bitib-tükənmək bilməyən, hər biri bir hadisəyə çevrilən bütün bu mədəniyyət tədbirləri, görülmüş uğurlu işlər gözlərim önündə elə əsrarəngiz qurşaq yaradır ki, ümumi fikirlərimi daha da bütövləşdirən, bir mənzərəni də diqqətə almaqda fayda olduğunu mənə diktə edir. Beynəlxalq kitab sərgisində iştirak edən Azərbaycanın görkəmli sənətkarları və sadə insanlarla apardığımız ayaqüstü sənət söhbətləri və bu söhbətlərin məğzində dayanan mədəniyyət aləminin inkişaf prosesində gedən, bir-birini əvəzləyən uğurlu işlərin fonunda kitaba və kitabın verdiyi bəhrələrə ölkəmiqyaslı diqqətin xoş təəssüratlarına baxış, eyni zamanda teatr xadimləri olaraq bizim üzərimizə düşən məsələlərdə çeviklik və keyfiyyət məsələləri barədə olan mühüm əhəmiyyətli, yüksək dəyərə malik fikir mübadilələri də məndə bayram mühitindən doğan ovqatı dərinləşdirir, yüksək ruhsal əhval yaradır, belə qənaətə gəlirəm ki, bütün sirlər və sehrlər yalnız və yalnız dərin idrakın, sarsılmaz əzmin, böyük zəhmətin, səngimədən, fasiləsiz çalışmanın, ən başlıcası isə, ölkə rəhbərinin apardığı işıqlı siyasətin nəticəsidir.
Teatr sənətinin kitab fenomeninin hikmətini açmaqda və təlqin etməkdə əvəzsiz yeri olduğunu nəzərə alsaq, bu kitab bayramında aparılan fikir mübadilələrinin və sənət söhbətlərinin özü də məhz kitab dünyasının təhlil və təlqin motivasiyası olaraq, hər bir mədəniyyət xadimində çeviklik və dinamiklik aşılayır. Nəzərlərimin bir anlıq müşahidə ekskursu zamanı Azərbaycan mədəniyyətində aparılmış bu işlərin eksplikasiyasını təsəvvürümdən keçirdikcə, bu motivasiyanın görülən nəhəng işlərdən zövqalma və sabaha açılan işıqlı pəncərədən irəliyə istiqamətlənən yolun konturlarında çalışma stimulunu görürəm.
Beləliklə, yaranan təsəvvür budur ki, Azərbaycan mədəniyyəti sağlam köklər üzərində öz çevik dinamikası ilə davam etdirilir. Bu yolda Mədəniyyət Nazirliyinin, eləcə də bu quruma daxil olan müəssisələrin, bu sahədə çalışan bütün insanların üzərinə düşən vəzifələr əzmlə, sarsılmayan güc və qüvvətlə dövlət siyasətimizin bir hissəsi olaraq yerinə yetirilir. Qazanılan uğurlar, nümunəvi nəticələr göstərir ki, getdiyimiz bu yol ən doğru və ən düzgün yoldur. Ona görə də bu gün mədəniyyət strategiyamız öz çevik dinamikası ilə hərəkətdədir və intibah edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandir və ni̇da!” fəlsəfəsinin potensialı ilə qaynayan və coşan Azərbaycan mədəniyyətinin amalı səngimədən, çevik dinamika ilə çalışmaq hikmətini qoruyub saxlayacaqdır. Və bu da görünən həqiqətdir ki, tərəqqi və inkişaf məhz bu yoldadır – ölkə rəhbərinin müəyyən etdiyi sağlam təməllərlə döşənmiş işıqlı yolda! Yolumuz daima açıq olsun!
İFTİXAR
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru