Noyabrın 6-da Heydər Əliyev Mərkəzində ABŞ-da yaşayan tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayevin konserti keçirilib.

Pianoçu konsertdə etnik, caz və klassik musiqilərdən ibarət proqram təqdim edib, müxtəlif kompozisiyalarını səsləndirib. Xalq artistləri İlqar Muradov, Tünzalə Ağayeva, Ənvər Sadıqov, eləcə də makedoniyalı klarnet ifaçısı İsmail Lumanovski də konsertdə çıxış ediblər.

Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasının məzunudur. 1997-ci ildə ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb.

Repertuarına öz kompozisiyaları, Astor Piazzolla, Mişel Leqran, Qara Qarayev və digər bəstəkarların əsərlərinə interpretasiyalar daxildir.