Tanınmış fransız aktyoru və rejissoru Jerar Depardye Özbəkistanın mədəni irsi və tarixi haqqında film çəkir. “İpək Yolu” adlanan filmdə baş rolun ifaçısı da Jerar Depardyedir.

Artıq Səmərqənddəki tarixi abidələrdə çəkilişlər aparılıb, film üçün zəngin material toplanıb. Fransa kinematoqrafçıları Buxara, Xivə və digər qədim şəhərlərdə də çəkilişlər aparacaqlar.

Filmin prodüseri Arno Frille jurnalistlərə deyib ki, Jerar Depardye 2009-cu ildə Özbəkistanda olub və həmin səfərdən sonra daim bu ölkə ilə maraqlanıb. Prodüser bildirib ki, büdcəsi 300 min avro olan film turistlər üçün reklam rolunu oynayacaq və Özbəkistanın imicinə müsbət təsir göstərəcək.