Almaniyanın “SWR2” kanalı Əzizə Mustafazadədən müsahibə götürüb
Azərbaycanın dünya şöhrətli cazmeni, bəstəkar və pianoçu Vaqif Mustafazədənin qızı, Almaniyada yaşayan tanınmış caz ifaçısı Əzizə Mustafazadə “SWR2“ kanalına müsahibə verib. Müsahibə kanalın internet səhifəsində (www.swr.de/swr2) yerləşdirilib.
Müsahibəni götürən kanalın müxbiri İnes Pasç musiqiçinin ən mühüm ilham mənbəyinin onun atası – məşhur caz ustası Vaqif Mustafazadənin olduğunu, lakin Əzizənin çox erkən, 10 yaşında olarkən atasını itirdiyini qeyd edir. Əzizə Mustafazadə 39 yaşlı V.Mustafazadənin qəfil vəfatının onun üçün şok olduğunu və həmin hiss və ağrı-acının bu gün də keçmədiyini vurğulayır. Bildirir ki, atasının yolunu davam etdirməklə onun ruhunu şad etdiyini və bununla içindəki ağrını azaltdığını düşünür.
Müxbir Əzizənin hələ 3 yaşında olarkən atasının konsertində improvizasiya ilə çıxış etdiyi haqqında məlumatı olduğunu qeyd edir.
Caz ifaçısı bunu təsdiqləyərək 3 yaşında atası ilə eyni səhnəyə çıxmağın əyləncəli olmaqla yanaşı, onda qorxu hissi yaratdığını bildirir. Kiçik yaşlarında atasının ifasında xeyli sayda xalq mahnılarını öyrəndiyini bildirən Ə.Mustafazadə məktəbdə musiqi ifa etməkdən daha çox improvizasiya ilə məşğul olduğunu, 14 yaşında atasının əsərlərindən birini pianoda ifa etdiyini nəzərə çatdırır.
İfaçı musiqi alətində məşq anlayışının onun üçün mövcud olmadığını, onun üçün istək, ilham və əhval-ruhiyyənin daha vacib olduğunu vurğulayır. O, piano ilə ünsiyyətdə olduğunu və bunu məşq hesab etmədiyini deyir. Bəzən bir həftə musiqi ifa etmədiyini və bunun, sadəcə olaraq, musiqi fasiləsi olduğunu qeyd edir. Bu fasiləyə ehtiyac duyduğunu və hər gün ifa edən, ilboyu çoxsaylı konsertlər verən musiqiçilərdən olmadığını vurğulayır.
Müsahibənin sonunda Əzizə Mustafazadə Cənubi Azərbaycandan olan soydaşlarımız – tanınmış bəstəkar və tarzən Əli Səliminin şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi məşhur “Ayrılıq” mahnısından kiçik parça səsləndirib.