Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 16-da Heydər Əliyev Sarayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin (1919-2010) anadan olmasının 100 illik yubileyi keçiriləcək.

Yubiley gecəsində Azərbaycan Dövlət Rəqs Ansamblı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, həmçinin qonaq kollektivlər – Suxişvili adına Gürcüstan Milli Baleti, “Ləzginka” Dağıstan Dövlət Akademik Rəqs Ansamblı, “Alan” Dövlət Akademik Rəqs Ansamblı (Şimali Osetiya-Alaniya) iştirak edəcəklər.

Əminə Dilbazi Azərbaycan rəqs sənətinin yaşadılmasında və xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsində mühüm xidmətlər göstərib. Sənətkar fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandırıb.