Üzeyir Hacıbəyli – 130  

Füzulinin aşiqanə sözü, lirikası onun ürəkləri riqqətə gətirən musiqisi ilə birləşdi. 23 yaşında Şərqdə ilk operanın müəllifi oldu. Az sonra Azərbaycanda musiqili komediya janrının əsasını qoydu. Milli kinomuzun inkişafında da yaradıcılığı təsirsiz ötüşmədi. İşıqlı dühasından kino sənətinə də nur payı düşdü.

Əsəri əsasında lentə alınan "Arşın mal alan" Azərbaycan kino sənətinə dünya şöhrəti gətirdi. Eyniadlı operettasının ekran təcəssümü - "O olmasın bu olsun" kino salnaməmizin ən parlaq səhifələrindən birinə çevrildi. Anarın "Uzun ömrün akkordları" filmində obrazı ekranda yeni həyat qazandı.

Bu il dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130 ili tamam olur. Milli musiqimizin inkişafında Üzeyir bəyin xidmətləri heç bir meyara sığışmır. O, 300-dən çox xalq mahnısını nota salıb. Marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri bəstələyib. Azərbaycan Dövlət Konservatoriyasının özəyi olan ilk musiqi məktəbini yaradıb. "Koroğlu", "Əsli və Kərəm" kimi əsərləri opera sənətimizin şah sütunlarıdır.

Üzeyir bəy 1913-cü ildə Peterburqda musiqi təhsili alarkən "Arşın mal alan" musiqili komediyasını yazır. Səhnə üçün nəzərdə tutulan bu əsərin ekranda yeni sənət ömrü yaşayacağını tələbə bəstəkar təsəvvürünə belə gətirmir.

"Arşın mal alan"ın ilk səhnə uğuru Bakıda fəaliyyət göstərən "Filma" Səhmdar Cəmiyyətinin rəhbərliyini əsərin ekran variantı ilə böyük qazanc əldə etməyə həvəsləndirir. 1916-cı ildə şirkət "Arşın mal alan" filmini çəkir. 3 yanvar 1917-ci ildə Bakıda "Forum" kinoteatrında film ilk dəfə göstərilir. Ekran əsərində Hüseynqulu Sarabski (Əsgər), Əhməd Ağdamski (Gülçöhrə), Mirzəağa Əliyev (Süleyman) rolunu ifa edir. Lakin qüvvətli aktyor ansamblı belə filmi uğursuzluqdan qurtarmır. Rejissor Boris Svetlovun Azərbaycan mədəniyyətinə dərindən bələd olmadığı əsərin ekran həyatında öz sözünü deyir. Çəkilişlərdən narazı qalan Üzeyir bəy filmin ekrandan çıxarılmasını tələb edir.

İkinci dəfə Q.Beyyatov adlı birisi Üzeyir Hacıbəylinin razılığını almadan "Arşın mal alan"ı yenidən lentə alır. Əsərin ilk ekran variantına xas olan səhvlər Q.Beyyatovun da quruluşunda özünü göstərir. Film ikinci nümayişindən sonra Üzeyir Hacıbəylinin təkidi ilə ekrandan çıxarılır. 1937-ci ildə ABŞ-da bəstəkarla razılaşdırılmadan film üçüncü dəfə ekranlaşdırılır.

1945-ci ildə Rza Təhmasib və Nikolay Leşşenkonun quruluşunda dördüncü dəfə ekranlaşdırılan "Arşın mal alan" tamaşaçıların böyük sevgisilə qarşılanır. Ekranlara çıxan ildə filmə 16 milyondan artıq tamaşaçı baxır. "Arşın mal alan" 136 ölkədə göstərilir, 86 dilə tərcümə olunur.

"Arşın mal alan" müğənni Rəşid Behbudovun və böyük yumor ustası Lütfəli Abdulayevin kino sənətində ilk addımıdır. "Səbuhi" filmində (1941) Leyla xanım Bədirbəylinin Tubu rolunun ifasından razı qalan Təhmasib Gülçöhrəni ona həvalə edir.

Filmdə Rza Təhmasibin peşəkar rejissor üslubu aydın görünür. Aktyorların yüksək ifa tərzi, zamanın filmdə bədii təcəssümü, milli kolorit ustad rejissorun düzgün şərhindən irəli gəlir. Rejissorun yüksək ekran sənətkarlığını səciyyələndirən mühüm xüsusiyyətlər film boyu tamaşaçının diqqətindən yayınmır. Rza Təhmasibin "Arşın mal alan"ı Azərbaycan kino sənətində musiqili komediya janrında çəkilən ekran əsərlərinin sənət öncüllərindən biri kimi öz yeri var.

Diqqət çəkən mühüm cəhətlərdən biri də filmdə butaforiyanın olmamasıdır. Mebel, müxtəlif bəzək və zinət əşyaları təbiidir.

1946-cı ildə Üzeyir Hacıbəyov, Rza Təhmasib, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, Münəvvər Kələntərli, Lütfəli Abdullayev "Arşın mal alan" filminə görə Stalin mükafatına layiq görülür.

Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sorğuda 100 film “qızıl”, “gümüş” və “bürünc” siyahılar üzrə seçilir. "Arşın mal alan" kino mütəxəssislərinin yekdil rəyilə “Qızıl siyahı”ya yazılır. 2013-cü ildə bu qiymətli ekran əsərinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə rəngli variantı hazırlanır.

Görkəmli kinorejissor Tofiq Tağızadə 1965-ci ildə Üzeyir Hacıbəylinin 80 illiyi ilə əlaqədar "Arşın mal alan"a yenidən quruluş verir. Filmin ssenarisini Muxtar Dadaşovla birgə yazır. Bu filmdə Həsən Məmmədov Əsgər bəy, Nəcibə Məlikova Cahan xala, Leyla Şıxlinskaya Gülçöhrə, Ağadadaş Qurbanov Soltan bəy, Xuraman Hacıyeva Asya, Tələt Rəhmanov Vəli rollarını ifa edir.

Tofiq Tağızadə illərin axarında inkişaf edən kinotexnikanın nailiyyətlərindən bacarıqla bəhrələnir. 1945-ci ildə lentə alınan filmin ilk variantı kinotexnika ilə əlaqədar əsasən interyerlərdə lentə alınmışdı. Tofiq Tağızadə öz quruluşunda natura çəkilişlərinə xüsusi üstünlük verir. Novatorluğu ilə səciyyələnən sənətkarın rejissurasında aktyor oyunu, dövrün təcəssümü, müxtəlif bədii tapıntılar diqqəti cəlb edir. Rejissor qayəsinin ifadəsinə çevrilən dolğun təsvirlər bədii fikrin açılmasında xüsusi rol oynayır.

Tofiq Tağızadənin quruluşunda səhnələr ekran kompozisiyası baxımından bitkinliyilə seçilir. Filmdə rejissor Üzeyir Hacıbəylinin nəfəsini qorumağa çalışır. Sultan bəylə Vəli arasındakı çəkişmə, Vəlinin pəncərədən qaçarkən su quyusuna düşməsi kimi səhnələrdə bədii yumoru gücləndirməyə çalışan rejissorun işi kəskin tənqidlə qarşılanır. Tənqidi məqalələrdə fikirlər əsasən subyektiv xarakter daşıyır.

Yazılan tənqidlərə baxmayaraq "Arşın mal alan" Tofiq Tağızadənin ekran fəaliyyətində yeni hadisə idi. Film kinorejissorun musiqili komediya janrına ilk müraciəti kimi diqqətəlayiqdir. Janrın estetikasından çıxış edən rejissor özünəməxsus üslubda filmin yeni variantına imza qoyur. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettanın ekranlaşdırılmasına ilk cəhd 1918-ci ildə Yalta kinostudiyasında edilmişdi. Lakin filmin taleyi uğurlu olmur.

1956-cı ildə Hüseyn Seyidzadə Azərbaycan kinosunda ilk rəngli film olan "O olmasın bu olsun" musiqili komediyasının çəkilişlərinə başlayır. Hamı Məşədi İbad rolunun klassik ifaçısı Mirzəaağa Əliyevin bu rola çəkiləcəyini gözləyirdi. Lakin Hüseyn Seyidzadə heç kimin gözləmədiyi halda bu rola Əliağa Ağayevin namizədliyi üzərində dayanır. Rejissorun seçimi ciddi mübahisələrə səbəb olur.

Əliağa Ağayevin bu rolun öhdəsindən yetərincə gələ bilməyəcəyi barədə bədii şurada fikirlər səslənir. Özünəməxsus inadla bədii şurada Hüseyn Seyidzadə Əliağa Ağayevin bu rola təsdiqinə nail olur. Bədii şurada rejissorun hambal roluna Əhməd Əhmədovu çəkmək təklifi də razılıqla qarşılanmır. Lakin Hüseyn Seyidzadə mövqeyində dayanır, fikrindən dönmür.

Film tezliklə keçmiş SSRİ-nin sərhədlərini keçir. Amerika Birləşmiş Ştatları, İsveçrə, Macarıstan, Yuqoslaviya, İran, İraq – ümumilikdə 40-dək ölkədə uğurla nümayiş olunur.

Arif Mirzəquliyev Sərvər, Tamara Gözəlova Gülnaz, Barat Şəkinskaya Sənəm obrazlarını ifa edir. Sənətsevərlər bu gün də Əliağa Ağayevin Məşədi İbadını, Ağasadıq Gəraybəylinin Rüstəm bəyini, İsmayıl Osmanlının Rza bəyini, Mustafa Mərdanovun Həsən bəyini, Möhsün Sənaninin Qoçu Əsgərini sevgi dolu təbəssümlə izləyirlər.

Bioqrafik janrda çəkilən "Uzun ömrün akkordları" bədii televiziya filmi kinomuzda fərqli xüsusiyyətləri ilə seçilir. Ssenari, rejissor işi, ekran estetikası baxımından "Uzun ömrün akkordları" tamamilə yeni ruhlu, yeni nəfəsli filmdir.

Bir sıra rəngarəng ifadə vasitələri milli kinomuzda ilk dəfə obrazlı əksini Xalq yazıçısı Anarın quruluşunda tapır. Rejissor şərhindən irəli gələrək filmdə tarixilik prinsipi qorunur. İstər natura, istərsə də dekorasiya çəkilişlərində dövrün, zamanın nəbzi aydın duyulur. Üzeyir bəy, Cabbar Qaryağdıoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi kimi onlarla tarixi şəxsiyyətin dolğun ekran təsviri filmin bədii məziyyətlərindən biridir.

Tarixi obrazlarla aktyorların zahiri görünüşünün son dərəcə oxşar olması bioqrafik janrın estetikası çərçivəsindədir. Zaman kontekstində canlanan real hadisələr filmin dramaturji xəttilə üzvi şəkildə birləşir. 10 yanvar 1982-ci ildə filmin ilk premyerası baş tutur. Uzun illər

keçməsində baxmayaq "Uzun ömrün akkordları" qüvvətli ssenarist, rejissor akkordları ilə bu gün də hamını sənət cazibəsində, sənət sehrində saxlayır.

Üzeyir Hacıbəyli 23 noyabr 1948-ci ildə 63 yaşında dünyasını dəyişdi. Vida mərasimində Bülbül dahi bəstəkarın "Sənsiz" romansını oxudu.

Əslində sənsizliyi rəmzi məna daşıyır. Əbədiyyətə qovuşan sənət həyatı bu gün də davam edir. Sentyabrın 18-də anadan olmasının 130 ili tamam olur. Üzeyir Hacıbəyli ana laylası qədər əziz və doğma olan musiqisilə zaman-zaman bütün nəsillərin canlı müasiri kimi həmişə yaşayacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar