Bakıda bolqarıstanlı fotoqrafın sərgisi
Muzey Mərkəzində tanınmış bolqarıstanlı fotoqraf İvo Hadjımişevin “Balkan sivilizasiyasının təqdimatı” adlı fotosərgisi açılıb.
Mərasimdə Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov çıxış edərək sərginin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə reallaşan “Fantaziya” festivalı çərçivəsində açıldığını deyib. Diplomat göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.
Bakıda ilk dəfə 1973-cü ildə olduğunu deyən İvo Hadjımişev illər sonra fərdi sərgisinin Bakıda təşkilindən məmnunluğunu bildirib: “Bu sərgidə 45-dək foto yer alır. Ancaq Balkan sivilizasiyasını bu qədər foto ilə əhatə etmək mümkün deyil. Bu, sərgi həm də mədəniyyətin bir göstəricisidir. Təşkilatçılığa və dəstəyə görə hər kəsə təşəkkür edirəm, mehriban insanların əhatəsində olmaqdan şadam”.