Rejissor Mariya İbrahimovanın “Tanrıya məktub” qısametrajlı filmi ABŞ-da 12-ci “DC Shorts” qısametrajlı film və ssenari festivalının müsabiqə proqramına daxil edilib. Sentyabrın 10-dan 20-dək Vaşinqtonda keçiriləcək kinofestivalda 24 ölkədən 125 film iştirak edəcək.
“Tanrıya məktub” filmi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Nar” mobil operatorunun iştirakı ilə həyata keçirilən “Üç tarix” layihəsi çərçivəsində lentə alınıb. 2012-ci ildə start verilmiş “Üç tarix” layihəsinin məqsədi gənc Azərbaycan kinorejissorlarına dəstək olmaq, onlara özünüifadə imkanı yaratmaq, habelə ölkəmizin tarix-memarlıq irsinə marağın artırılmasından ibarətdir.
Layihə çərçivəsində müəlliflər üçün Kann festivalının “Qızıl kamera” mükafatı laureatı Vitali Kanevski tərəfindən rejissura və ssenari sənəti üzrə master-klass məşğələləri də təşkil olunub. Bir il davam etmiş layihədə tamaşaçılara “Yara” (T.Hacıyev), “Tanrıya məktub” (M.İbrahimova) və “Köhnə Bakı ölməyib” (M.Abiyev) filmləri təqdim olunub.
Qeyd edək ki, ABŞ-ın “The Washington Post” qəzetində Mariya İbrahimovanın yaradıcılığı və “Tanrıya məktub” filmindən bəhs edən məqalə dərc olunub. Məqalədə 17 dəqiqəlik filmdə rejissor işinə və aktyor Yuri Baliyevin oyununa yüksək qiymət verilir.