2014-cü ildən fəaliyyətə başlayan və ötən müddətdə ölkənin qabaqcıl nəşriyyat evlərindən birinə çevrilən “TEAS Press” 5 yaşını qeyd edir. Bu illər ərzində nəşriyyat öz məhsullarının çap keyfiyyətinə və seçdiyi kitablara görə oxucuların rəğbətini qazanıb. Beş il ərzində “TEAS Press” elmi-kütləvi, bədii, tarixi, iqtisadiyyat və digər mövzularda 700 addan çox kitab nəşr edib.

Nəşriyyatın “3 alma” və “YAY” adlı fərqli kitab markaları isə mövzu və yaş kateqoriyasına görə bir-birindən fərqlənir.

“TEAS Press” istər xarici, istərsə də yerli yazarların kitablarını yalnız müəllif  hüquqlarını almaqla nəşr edir. Xarici müəlliflərin kitabları orijinal dildən tərcümə edilərək nəşr olunur. Həmçinin nəşriyyata məxsus bir sıra kitabların hüquqları xarici nəşriyyatlar tərəfindən alınaraq müxtəlif dillərə tərcümə və nəşr olunur.

27-29 sentyabr tarixində Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla iştirak edən “TEAS Press” sərgidə stendi və fəaliyyətilə seçildiyi üçün “Ən yaxşı nəşriyyat evi” mükafatına layiq görülüb. Nəşriyyat daima müxtəlif tədbirlər, imza günləri, kitab təqdimatları keçirməklə mütaliənin təbliğinə öz töhfəsini verməyə çalışır.