Noyabrın 28-dən dekabrın 1-dək Bakıda Beynəlxalq tanqo festivalı təşkil olunacaq. Bu münasibətlə noyabrın 21-də mətbuat konfransı keçirildi.

Mətbuat konfransında Argentinanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Eduardo Cavayero festival haqqında məlumat verdi. Bildirdi ki, Bakı Beynəlxalq Tanqo Festivalı Argentinanın Azərbaycandakı səfirliyinin və “United Cultures”in təşkilatçılığı, Mədəniyyət Nazirliyi, “Landmark” biznes mərkəzi, “Bakı Metropoliteni”, Nizami Kino Mərkəzi və “Nizami Restaurant & Lounge”nin dəstəyi ilə keçiriləcək.

Festivalın məqsədi Argentina mədəniyyəti və musiqisini tanıtmaq və iştirakçıları yeni sənətçilər, rəqqaslar və ritmlər kəşf etməyə dəvət etməkdir.

3-cü dəfə keçiriləcək festivalda xüsusi qonaq qismində 2019-cu ildə dünya və Avropa çempionları olmuş Aqustina Piyacco və Maksim Gerasimov (Argentina/Rusiya), Akosta və Levan Qomelauri (Gürcüstan) cütlükləri də iştirak edəcəklər.

Argentina səfirliyinin mədəniyyət müşaviri Korina Lehmann, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Quliyeva və başqaları çıxış edərək festival haqqında fikirlərini bölüşdülər.

Qeyd olundu ki, izləyicilər festivalda Viktor Hüqo Vilena və Lautaro Tissera kimi məşhur simaları da görə biləcəklər. Viktor Hüqo Vilena dövrün ən yaxşı bandoneon ifaçılarından biri hesab olunur. Lautaro Tissera isə müasir tanqo və Argentina musiqisində ən görkəmli gitara ifaçılarındandır.

F.HÜSEYNOV