“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılışı oldu

Noyabrın 21-də Muzey Mərkəzində “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılış mərasimi keçirildi.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev biennalenin iştirakçılarını salamlayaraq ölkəmizdə altıncı dəfə keçirilən layihənin önəmini qeyd etdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən biennale sənətsevərlərin müasir incəsənət baxımından çox zəngin, maraqlı və yaddaqalan layihələrlə tanışlığına şərait yaradacaq: “Bu tədbir ölkəmizdə 2003-cü ildən təşkil olunur. Builki biennaledə 17 ölkədən 40-dək rəssam iştirak edir. Ölkəmizdən isə 30 rəssam bu tədbirə qatılıb. Müəlliflər müasir incəsənətin müxtəlif formalarında layihələri ilə bizi tanış edəcəklər. Çox geniş spektrdə təqdim olunan layihələr tamaşaçıların marağına səbəb olacaq. Sevinirik ki, Bakıda müasir incəsənətə maraq artmaqdadır və bu cür təqdimatlar artıq ənənə halını alıb. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən də çoxsaylı sərgilər təşkil edilir. Müasir İncəsənət Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi bu sahədə maraqlı layihələr həyata keçirir”.

Nazir qeyd etdi ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və bir sıra sənət ocaqları biennalenin keçirilməsində yaxından iştirak edir: “Beş gün müddətində müxtəlif məkanlarda təqdim olunacaq layihələr öz fəlsəfi və janr zənginliyi ilə diqqəti cəlb edəcək. Bu biennale ölkəmizin dünya miqyasında tanıdılmasına xidmət edir, Azərbaycanın müasir incəsənətə olan münasibətini əks etdirir. Hazırda biz mədəniyyəti inkişaf edən dövlət kimi tanınırıq”.

Biennalenin builki mövzusunun “Həyatımızdakı dəyərlər” olduğunu qeyd edən Əbülfəs Qarayev dedi ki, layihədə təqdim olunan əsərlər insan düşüncəsinin ifadə yollarını nümayiş etdirəcək: “İnanıram ki, biennale günlərində hər bir müəllifin əsərində biz bu suala cavab tapa biləcəyik. Biennalenin işinə və bütün təşkilatçılara uğurlar arzulayıram. Ümid edirəm ki, altıncı biennale də yüksək səviyyədə reallaşacaq”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov biennaleni düşüncələrin və sənətin bölüşülməsi baxımından mühüm layihə kimi dəyərləndirdi. Diqqətə çatdırdı ki, tədbir rəssamların qarşılıqlı təcrübə mübadiləsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Rəssamlıq sənətində heç bir sərhəd yoxdur və bu səbəbdən də biennaledə təqdim olunan layihələrin də tərcümə və izah edilməsinə ehtiyac qalmır. Rəssamlar İttifaqı biennalenin reallaşmasında öz köməyini əsirgəməyib”.

Bakıda müasir biennaledən danışarkən vaxtilə bu layihənin əsasının qoyulmasında yaxından iştirak etmiş mərhum Leyla Axundzadənin adını dərin ehtiramla yad etdiklərini deyən Fərhad Xəlilov bütün iştirakçılara uğurlar arzuladı.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri Əsgər Ələkbərov da çıxışında biennalenin önəmini vurğuladı. Qeyd etdi ki, ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi mədəniyyətimizin dünyaya tanıdılmasına zəmin yaradır, ölkəmizin tolerant və multikultural dəyərlərini təşviq edir.

İçərişəhərdə təşkil edilən sərgilərin əhəmiyyətini diqqətə çatdıran Ə.Ələkbərov əsrlər boyu paytaxt Bakının mədəniyyət mərkəzi kimi tanındığını dedi: “Beynəlxalq biennalenin unikal layihələrinin tarixi məkan olan İçərişəhərdə təqdim olunması bir daha qədimlik və müasirlik, müasir düşüncə və tarix, dünyaya baxış, dünən, bu gün və sabahın bir araya gəlməsinə dəlalət edir”.

Sonra nazir Əbülfəs Qarayev və qonaqlar rəmzi lenti kəsərək sərginin rəsmi açılışını etdilər. Tədbir iştirakçıları sərgi ilə tanış oldular. Almaniyadan gələn iştirakçı Gisela Veimannın təqdim etdiyi performans maraqla izlənildi.

Təqdim edilən layihələr barədə iştirakçılara məlumat verildi.

Onların arasında Portuqaliyadan Kristina Ataydenin “No name” (“Adsız”) layihəsi böyük maraqla qarşılandı. Müəllif layihə ilə bağlı nazirə bildi verdi. Qaçqın və köçkünlərin, miqrantların həyatına həsr olunmuş layihəni yüksək qiymətləndirən Əbülfəs Qarayev mövzunun dünya ictimaiyyəti üçün aktuallığını vurğuladı.

Qeyd edək ki, K.Ataydenin layihəsində miqrant həyatı yaşayaraq həyatını itirmiş insanların siyahısı verilib. Siyahıda onların yaşadığı məkan, vətənlərinin adı qeyd olunmayıb. Layihə qaçqınlığa etiraz şüarıdır: dünyada sülh olsun, heç kəs öz torpağını tərk etməsin...

“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi noyabrın 25-dək davam edəcək. Layihə üzrə müxtəlif məkanlarda sərgilər, təqdimatlar təşkil olunacaq.

LALƏ