Bütün yaradıcılıq sahələri kimi, ədəbiyyat da özünəməxsusluğu sevir. Əgər sənin düşüncə və ifadə tərzin yenidirsə, qələmə aldığın mövzu kimsənin yazdığına bənzəmirsə, əsərlərində fikirlərini təbii və ürəyəyatımlı bir dildə təqdim etməyi bacarırsansa, yazdıqların oxucu tərəfindən seviləcək...

Şair, nasir, publisist, teleradio jurnalisti Gəray Fəzlinin də qələmə aldıqları heç kəsin söz büsatına bənzəmirdi. Öz ilhamının, yaradıcılıq eşqinin və keşməkeşli ömür anlarının ifadəsi idi. Dünyaya payızda göz açsa da, ad gününü baharda qeyd edərdi. Səbəbi sadə idi. Şair 1941-1945-ci illərin bəşər tarixinin ən dəhşətli müharibəsinin iştirakçısı olmuş və bu savaşda dəfələrlə yaralansa da, salamat qalmışdı. Elə bu münasibətlə də qohum-əqrəbası, yaxınları, qələm dostları hər il mayın 9-da onun yanında olur, dünyaya yenidən gəlməsini bayram edirdilər... 

 

“Tamam oxunmamış ömür salnaməsi” 

 

Gəray Fəzli oğlu Alimov 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olub. Şairin “Yazıçı xəyalı, oxucu həqiqəti” adlı yazısını gözdən keçirək: “Mən öz tərcümeyi-halıma borcluyam. Bunu deyərkən 1941-45-ci illərə təsadüf edən ən romantik, ən coşqun və eyni zamanda ən yetkin dövrü nəzərdə tuturam... Müharibə deyilən o mənhus tufanın qısa müddətə mənə bəxş etdiyi çox qiymətli keyfiyyətləri nəzərdə tuturam...”. Atası sürgün olunduqdan sonra kiçikyaşlı Gəray uşaq evində böyüyür, təhsil alır, müharibəyə gedir, yaralanır, səsini itirir, bədənində qəlpə gəzdirir, qələmə söz verir və zəngin bir söz mirası qoyub gedir:

Mən səngərdə öyrənmişəm
Dost yolunda candan keçmək,
El yolunda ölmək nədir.
Düşünürəm cəbhə yolum,
səngər ömrüm
hələ tamam oxunmamış
salnamədir.

Gəray orta məktəbi bitirən kimi Böyük Vətən müharibəsinə yola düşür. Dəfələrlə ağır yaralanır. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ciddi yara alır və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə vücudu yox, səsi də zədələnmiş olur. Gərayın boğazını güllə dəlib keçəndə ona elə gəldi ki, düşmən bədənini deyil, nəğmələrini hədəfə alıb. Çünki uşaqlıqdan onun ən böyük arzusu müğənni olmaq idi. Lakin şairin müharibədən sonra yaşadığı illər göstərdi ki, insanın səsi, bədəni yaralansa da, könül nəğmələri bu və ya başqa şəkildə üzə çıxmalıdır...

Müharibədən qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alır. Qax rayonunun Güllük kənd orta məktəbində əvvəlcə dil-ədəbiyyat müəllimi işləyir, bir müddət sonra direktor təyin edilir.

Bədii yaradıcılıqla məşğul olan Gəray kənd müəllimi olmuş atasının adını özünə təxəllüs götürür. Dövri mətbuatda dərc olunan şeirləri oxucular tərəfindən rəğbətlə qarşılanır. 1956-cı ildə “Mənim səsim” şeirlər kitabı çap edilir. Kitabdakı “Mənim səsim” şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar Xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında “İtirilmiş səs” adlı poema qələmə alır...

Bəli, Gəray Fəzli iç dünyasından gələn şeirlərini, əsərlərini kürsülərdən ürəyi istədiyi kimi oxuya bilməsə də, onun sözlərinə yazılmış mahnıları Rübabə Muradova, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Yalçın Rzazadə kimi məşhur sənətkarlar oxudular. O, hələ kənddə yaşadığı illərdə nəğməkar şair kimi tanındı. Z.Xanlarovanın ifasında səslənən bu misralar indi də sevən gənclərin qəlbini titrədir:

Baxıram arxanca hey gizli-gizli,
Sən qəlbi kövrəksən, mən qəlbi sözlü.
Sən ismi-pünhansan, mən Gəray Fəzli.
Mən səni sevmişəm səndən xəbərsiz,
Yaxından xəbərsiz, gendən xəbərsiz.

G.Fəzli nasir kimi də özünü sınayırdı. “İldırımlı dağlar” adlı kəskin süjetli romanı onun bu sahədə ilk uğuru olur. Bundan sonra yazarın şəhər həyatı başlayır. 1950-ci illərin sonunda Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinə işə dəvət edilən G.Fəzli ömrünün sonuna kimi burada müxtəlif vəzifələrdə çalışır. O, Radio və Televiziya Verilişləri Komitəsində gərgin iş qrafiki ilə yüklənməsinə, hər gün iki-üç verilişin efirə, yaxud teleekrana çıxmasına imza atmasına baxmayaraq, yeni-yeni bədii əsərlər ortaya qoymağa da vaxt tapırdı. “Mənim səsim” kitabından sonra “Yeni ünvan” və “Səadətin ünvanı” şeirlər toplularını çap etdirdi, “İldırımlı dağlar” romanından sonra dörd nəsr əsərinin müəllifi oldu, “Portret cizgilər” seriyasından sənədli povestlər, oçerklər qələmə aldı.

 

“Bir dərya etibar, bir ümman səbir...”

 

Şairi yaxından tanıyanlar yaxşı bilirdilər ki, o, təmənnasız bir ömür yaşamışdı. Onun güvən yeri yaddaşı və şair təbi, bir də şikəst barmaqlarını döyənək edən qələmi idi. G.Fəzlinin həyata, gələcəyə ünvanlanan, onun yaradıcılıq fəlsəfəsini ortaya qoyan misraları oxucuların qəlbinə rahatlıqla yol tapırdı:

Özüm də sirrini bilmirəm nədir -
Bir dərya etibar, bir ümman səbir.
Elə bil tək mənim ürəyimdədir...
Səmadır, səhradır, çəməndir könlüm,
Sevgiyə, sevdaya vətəndir könlüm...

1952-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan şairin əsərləri ədəbi ictimaiyyətin diqqətini çəkir. S.Vurğun, M.İbrahimov, R.Rza, S.Rüstəm, M.Rahim, B.Vahabzadə və başqaları onun əsərləri haqqında ölkə mətbuatında müsbət rəylərini bildirirdilər.

O, Qabil, Ə.Kürçaylı, N.Həsənzadə, N.Gəncəli, A.Zeynallı və digər şair və yazıçılarla dost idi.

G.Fəzlinin müharibə illərindən bəhs edən “Kəhrəba işığında”, “Yeddi ulduzlu səma”, “Gecə günəşi”, “Bir qəlbin asimanı” romanlarını oxuduqca başa düşürsən ki, biz bu günümüz üçün onlara, ölümlə üz-üzə gələnlərə, əbədiyyətə qovuşan hər bir əsgərə, bədənində qəlpələr gəzdirənlərə... borcluyuq.

Bir göz baxdı pəncərəmdən,
Dedim: - Kimsən?
Dedi: - Mənəm!
Dedi: - Cəbhə yollarında
Çantadakı son tikənəm.
Dostlarımla bölüşməli
Bir meh əsdi Ağdərədən:
Dedim: - Kimsən?
Dedi: - Mənəm!
Bir vaxt sənin cəbhə dostun,
İndi isə... sevincinəm,
Gülüşünəm, qəhqəhənəm...

Gənclik dostları G.Fəzlinin vaxtilə gözəl səsə malik olduğunu deyirdilər. Bu haqda söz düşəndə özü deyərmiş ki, ürəyindəkiləri Rübabə xanım, Hüseynağa oxuyur. “Ay günahsız əzizim”, “Sən olmuşam” və neçə-neçə belə həzin mahnılar.

Düşmən, doğrudan da, yanılmışdı. Gərayın səsi efirdə gedən verilişlərində idi. Televiziya və radioda səslənən, G.Fəzli imzası ilə gedən hər bir veriliş həmişə gur səslənirdi, əks-səda tapırdı, təkrar-təkrar ekranda yer alırdı.

O, bu salnamədən hər il mayın 9-da səhifələr açar, həmin gün onun başına yığışan ailə üzvlərinə, dostlarına xatirələr söyləyərdi. Ad gününü keçirməzdi. Deyərdi ki, müharibədən qayıdanların doğum günü Qələbə Günüdür…

 

“May gələndə kövrəkləşən...”

 

1995-ci ilin 26 dekabr günündə vəfat edən G.Fəzli bu dünyadan dəhşətli bir nisgillə köçdü. Axı Şuşanın işğalı xəbəri şairə məhz mayın 9-da çatmış, onun Qələbə Gününə kölgə salmışdı... Bu xəbəri eşidib eyvana çıxdı, buradan bir parça dəniz görünürdü. Gözünü dikdi bu bir parça dənizə, baxdı, baxdı... Nələr keçdi ürəyindən? Dənizə dərdini pıçıldadı, gözyaşını Xəzərin sularına göndərdi. Həmin axşamı sükutla keçirdi. Yalnız səhər cəbhə şeirlərindən bu misraları astadan dedi:

Göynədibdir köhnə yaram
sübhə qədər,
Dolaşdıqca bədənimdə od qəlpələr.
Amma hamımız inanırıq ki,
Üfüqləri çiçək-çiçək,
Çiçəkləri ləçək-ləçək.
Bir bağım var,
Məşəl yanır dövrəsində.
May gələndə kövrəkləşən,
Buludları seyrəkləşən,
Bir dağım var,
Məşəl yanır zirvəsində.

Bu məşəl mütləq Şuşanın dumanlı dağlarının zirvəsində yanacaq. Unudulmaz şairimizin də ruhu o zaman rahat olacaq...

Aynurə ƏLİYEVA