Keçmişdən günümüzə mütaliəsi zəif, kitabdan uzaq olan insanı mənəvi baxımdan yoxsul hesab ediblər. Məşhur Roma yazıçısı, filosof Seneka deyib ki, kitabsız yaşamaq kar, kor, dilsiz yaşamaqdır. Həqiqətən də, kitab insanın həyatında, onun təfəkkürünün və dünyagörüşünün formalaşmasında müstəsna rola malikdir.
Ölkəmizdə kitab işinin, kitabxana fəaliyyətinin zəngin tarixi var. XIX əsrin sonlarında yaradılan ilk kitabxana-qiraətxana çox əhəmiyyətli bir prosesin başlanğıcı idi. Sonrakı mərhələdə paytaxtda və ölkəmizin ucqarlarında kitabxanaların yaradılması və onların kitab fondunun zənginləşdirilməsi sahəsində mühüm işlər görüldü.
Çağımızda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu inkişaf kitabxanaların işində əsaslı dəyişikliklər edilməsinə, oxuculara səmərəli xidmətin təşkilinə və ədəbiyyatın geniş təbliğinə müsbət təsir göstərir. Eyni zamanda bu işə çağdaş yanaşma tələb olunur.
Hazırda, Mədəniyyət Nazirliyi sistemindəki kitabxanalar da daxil olmaqla, ölkəmizdə 3 minə yaxın kitabxana fəaliyyət göstərir. Həmin kitabxanalardan bəzilərinin yaşı yarım əsrdən çoxdur. “Bir kitabxananın tarixi” rubrikasında zəngin keçmişə və maraqlı ənənələrə malik olan kitabxanalarımız haqqında oxuculara məlumat verəcəyik. Bu yazıda ötən il 65 yaşını qeyd edən Abdulla Şaiq adına Uşaq kitabxanasının tarixinə nəzər salacağıq.
Kitabxananın tarixi
Bu mədəniyyət ocağında olarkən öyrəndik ki, 1953-cü ildə paytaxtın Oktyabr (indiki Yasamal) rayonunda yaradılan Uşaq kitabxanasına 1955-ci ildə görkəmli pedaqoq, şair, yazıçı Abdulla Şaiqin adı verilib. Kitabxana 2011-ci ildən Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) A.Şaiq adına 2 saylı filialıdır.
Kitabxana 3 bölmədən ibarətdir. Oxu zalında oxucuların rahat mütaliəsi üçün hər cür şərait yaradılıb. Həftənin 6 günü oxucular kitabxana fondunda olan kitablardan yararlana bilirlər. Bundan başqa, oxucular kitabxanaya illik abunə yazılıb, 10 gündən çox olmamaq şərtilə kitablardan istifadə etmək imkanına malikdirlər. Hazırda kitabxananın 9 min oxucusu var. Kitabxananın kitab fondu 72 minə yaxındır. Burada elmi, bədii və ensiklopedik ədəbiyyat üstünlük təşkil edir. Kitabxananın fondu Kitab Palatası və müəlliflər, oxucular tərəfindən hədiyyə edilən nəşrlər hesabına zənginləşir.
Rəngarəng tədbirlər
İnformasiya texnologiyaları üzrə mütəxəssis Aybəniz Əliyevanın sözlərinə görə, kitabxana tərəfindən əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər təşkil edilir. Bundan başqa, şəhər sakinlərinin mütaliəyə marağının artırılması, uşaq və yeniyetmələrin kitabxanalara daha mütəşəkkil cəlb edilməsi məqsədilə layihələr həyata keçirilir.
Həmsöhbətim bildirdi ki, avqustun 28-də kitabxanada dahi alman şair-dramaturqu İohann Volfqanq Hötenin 270 illiyi ilə əlaqədar sərgi-söhbət keçirilib. Tədbirdə ədibin “Vilhelm Meysterin təhsil illəri”, “Gənc Verterin iztirabları”, “Seçmə oxşarlıq” əsərləri haqqında söhbət açılıb. Bundan əlavə, noyabrın 8-də Dövlət Bayrağı Gününə həsr edilmiş “Bir kərə yüksələn bayraq bir daha enməz!” başlığı altında “məlumat saatı” təşkil edilib. Kitabxananın əməkdaşları Azərbaycan bayrağının yaranması, onun simvolları haqqında oxucuları məlumatlandırıblar.
Onu da qeyd edək ki, kitabxana əsasən ərazidə yerləşən İncəsənət Gimnaziyası, 20 saylı məktəb-lisey, eləcə də bir sıra orta məktəblərin şagirdlərinə, habelə yaxınlıqdakı uşaq bağçalarının müəllim və uşaq kollektivinə xidmət göstərir.
Nurəddin MƏMMƏDLİ